Azərbaycanda 15 dekabrın kriminal xronikası

Azərbaycanda 15 dekabrın kriminal xronikası

16 Dekabr 2011 12:32
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 55 cinayət faktı qeydə alınmışdır

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 55 cinayət faktı qeydə alınmış, onların da 29-u "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır.

8 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 22 nəfər tutulmuşdur.

Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi

15.12.2011

Dekabrın 15-də saat 15.00 radələrində Səbail rayonu ərazisində Şərur rayon sakini Nihad Cəfərov "VAZ-21074" markalı avtomaşını idarə edərkən Astara rayon sakinləri Elnarə Əliyeva və onun qızı 7 yaşlı Fatiməni vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş E.Əliyeva orada ölmüş, Fatimənin vəziyyəti isə qənaətbəxşdir.

Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi

15.12.2011

Dekabrın 15-də saat 16.00 radələrində Xəzər rayonu ərazisində Şamaxı rayon sakini Hörmət Əsgərov "VAZ-21074" markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Səbuhi Məcnunovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi

15.12.2011

Dekabrın 15-də saat 22.30 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla rayon sakini Məsim Abdullayev vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi

15.12.2011

Dekabrın 15-də saat 15.30 radələrində Nərimanov rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini 9 yaşlı Vüqar Babayev vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi

15.12.2011

Dekabrın 14-də saat 14.00 radələrində Suraxanı rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla rayon sakini Nail Şahbazovu vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Cəlilabad rayon sakini Fikrət Səfərov və Bakı şəhər sakini Elçin Quliyev 1,193 kq heroini satarkən tutulmuşlar

15.12.2011

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Fikrət Səfərov və Bakı şəhər sakini Elçin Quliyev Bakıxanov qəsəbəsi ərazisində 1 kiloqram 19,3 qram heroini satarkən tutulmuşlar.

İki Hacıqabul rayon sakini Ələt qəsəbəsi ərazisində 1 kiloqramdan artıq marixuananı satarkən tutulmuşlar

15.12.2011

Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayon sakinləri Akif İbrahimov və Aqil İbrahimov Ələt qəsəbəsi ərazisində 1 kiloqram 504,09 qram marixuananı satarkən tutulmuşlar.

Dekabrın 12-də Salyan rayon sakini C.Qurbanova məxsus avtomaşını qaçırmış şəxslər tutulmuşlar

15.12.2011

Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də Coşqun Qurbanova məxsus "VAZ-2106" markalı avtomaşını qaçırmış Salyan şəhər sakini Tahir İsmayılov və Bakı şəhər sakini Ağarza Bağırov tutulmuşlar. Avtomaşın hissələri sökülmüş vəziyyətdə rayon ərazisində tapılmışdır.

Dekabrın 14-də İmişli rayon sakini N.Rüstəmovaya məxsus inəkləri oğurlamış Cəlilabad rayon sakini X.Rüstəmov tutulmuşdur

15.12.2011

İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 14-də Nişan Rüstəmovaya məxsus 3 baş inəyi oğurlamış Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Xudayar Rüstəmov tutulmuşdur.

Bakı şəhər sakini İ.Tağıyev dekabrın 12-də Səbail rayonu ərazisində baş vermiş YNH nəticəsində aldığı xəsarətdən ölmüşdür

15.12.2011

Dekabrın 12-də saat 20.50 radələrində Səbail rayonu ərazisində şəhər sakini İbrahim Tağıyev "Mercedes" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı ağaca vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş dekabrın 15-də orada ölmüşdür.

Yasamal rayon sakini Q.Zeynalov sirkə turşusundan zəhərlənərək ölmüşdür

15.12.2011

Dekabrın 15-də Yasamal rayonu ərazisində yaşayan Qəribəli Zeynalov evindən sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.

Sumqayıt şəhərindəki çay evində generatorun buxarından orada işləyən S.Nəsirov zəhərlənərək ölmüş, müştəri B.Hacıyev xəstəxanaya yerləşdirilmişdir

15.12.2011

Dekabrın 14-də Sumqayıt şəhərindəki çay evində generatorun buxarından orada işləyən şəhər sakini Samir Nəsirov zəhərlənmədən ölmüş, müştəri Bəhruz Hacıyev xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

İki Sumqayıt şəhər sakini dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir

15.12.2011

Dekabrın 14-də Sumqayıt şəhər sakini Aleksandr Qrobovoy və Leyla Şabanova öz mənzilindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti qənaətbəxşdir.

İki Sumqayıt şəhər sakini dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir

15.12.2011

Dekabrın 15-də isə Sumqayıt şəhərində yaşayanlar Billurə Məmmədova və Sevda Nuriyeva öz evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti qənaətbəxşdir.

Hər kəs özünü qorumasa başqasının buna vaxtı olmayacaq...

Sərvər Aslanov

O.M.