
Xəzərdə axtarışları davam edən şəxslər qanundan gizlənirmişlər
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları
tərəfindən keçirilən tədbirlər nəticəsində qaçaqmalçılıq məqsədilə Xəzər dənizində
dövlət sərhədini qanunsuz keçməyə cəhd edən şəxslər aşkarlanıb. Bu barədə
DSX-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi, ədliyyə polkovniki Azər İbrahimov
keçirdiyi brifinqdə məlumat verib. Belə ki, Azərbaycan vətəndaşlarının Xəzər dənizində
itkin düşməsi barədə kütləvi informasiya vasitələrində verilən məlumat üzrə
Dövlət Sərhəd Xidməti tərəfindən aparılan dəqiqləşdirmə nəticəsində həmin şəxslərin
ölkə ərazisindən Xəzər dənizinə çıxmamaları müəyyənləşdirilib, onların "Samur"
buraxılış məntəqəsindən Rusiya Federasiya istiqamətində rəsmi qaydada dövlət sərhədini
keçdikləri məlum olub. Dənizdə keçirilən axtarış tədbirləri zamanı qeyd olunan
şəxslərin tapılmaması nəzərə alınaraq Dövlət Sərhəd Xidməti tərəfindən Rusiya Federasiyasının
Sərhəd Xidməti ilə əlaqə yaradılıb, birgə keçirilən tədbirlər nəticəsində
dekabrın 11-də Xəzər dənizində batmaqda olan şəxslər xilas edilərək rəsmi qaydada
təhvil alınıblar. Həmin şəxslərdən birinin səhhətində ciddi problemlər olduğu
üçün xəstəxanaya yerləşdirilib. Araşdırma zamanı müəyyən edilib ki, bir qrup Azərbaycan
vətəndaşı - Hüseynov Məhərrəm Balaca oğlu, Əhmədov Elman Məcidoviç, Həsənov
Ramil Vəliyeviç və Alxasov Dilavər İcrasoviç üzmə vasitələri əldə etmək məqsədilə
dekabrın 3-də RF-in Dağıstan Respublikasına gedib və oradan iki ədəd qayıq
alaraq qanunsuz yolla Xəzər dənizi ilə Azərbaycana gətirmək qərarına gəliblər.
Bu məqsədlə həmin şəxslər dekabrın 5-də 2 ədəd üzmə vasitəsində açıq dənizə
çıxaraq Azərbaycan istiqamətində yola düşüb, D.Alxasov isə rəsmi qaydada Azərbaycan
Respublikasına qayıdıb. Lakin kəskin hava şəraiti nəticəsində onlar marşrut üzrə
hərəkətlərini itirərək naməlum istiqamətdə itkin düşüblər. Eyni zamanda, qeyd
olunan şəxslərin əvvəllər törətdikləri əməllərə görə DSX tərəfindən hüquqi məsuliyyətə
cəlb olunmaları müəyyən edilib. Belə ki, M.Hüseynov və E.Əhmədov dənizdə sərhəd
rejim qaydalarını pozduqlarına görə inzibati məsuliyyətə cəlb olunub, cinayət əməlinin
təşkilatçısı D.Alxasov isə 2007-ci ildə Xəzər dənizində qanunsuz hərəkətlərə
yol verdiyinə görə məhkum edilib.
Fakt üzrə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirlər davam etdirilir.
O.M.