
"Royalbank" ASC-nin Yasamal filialında vətəndaşın pul vəsaiti mənimsənildi
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, prokurorluq orqanları tərəfindən mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyanın, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması, cinayət törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Belə ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırmalarla müəyyən edilib ki, Cəfərov Oqtay Səttar oğlu "Royalbank" ASC-yə qarşı depozit müqaviləsi əsasında banka qoyduğu 30 min manat pul vəsaitinin geri qaytarılması barədə Yasamal rayon məhkəməsi qarşısında iddia qaldırıb. Mülki işə məhkəmədə baxılarkən "Royalbank" ASC-nin Yasamal filialından 2009-2010-cu illər ərzində məxaric orderlərinə Oqtay Cəfərovun adından saxta imzalar edilməklə müxtəlif məbləğlərdə pul vəsaitlərinin cəmiyyətin Yasamal filialının keçmiş rəhbər vəzifəli şəxsləri tərəfindən mənimsənilməsi müəyyən edilib.
Fakta görə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən
Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə
səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri
ilə cinayət işi başlanıb.
Digər bir cinayət işi şəxsiyyət vəsiqəsinin saxtalaşdırılmaqla dövlət əmlakının
dələduzluq yolu ilə ələ keçirilməsi faktına görə başlanıb. Belə ki, Baş
prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılmış
araşdırmalarla müəyyən edilib ki, Zərdab şəhər sakini Səfərəliyeva Şəfəq
Abdulməmməd qızı 26 dekabr 2006-cı il tarixdə yaşa görə əmək pensiyası təyin
edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinə müraciət
edib və doğum tarixi saxtalaşdırılmış şəxsiyyət vəsiqəsini digər sənədlərlə
birlikdə ərizəsinə əlavə edərək pensiya təyini üçün əsas olan 51 yaşa çatdığını
göstərib. Təqdim edilən sənədlər əsasında Fondun Zərdab rayon şöbəsində ona
yaşa görə əmək pensiyası təyin edilib, bununla da, Ş.Səfərəliyeva qeyd edilən
tarixdən 30 noyabr 2011-ci il tarixədək 4.6 min manat məbləğində pulu
dələduzluq yolu ilə ələ keçirib.
Fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 308.1-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda hər iki cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı
mübarizə idarəsində istintaq davam etdirilir.
O.M.