
DİN 2 saylı poliklinikasının sabiq rəisinin güllələnməsi ilə bağlı ilkin ekspert rəyi açıqlandı
Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev açıqlamasında bildirir ki, mərhum başından aldığı bir güllə yarasından dünyasını dəyişib. O, həmçinin qeyd edib ki, indiki mərhələdə ekspertiza mərhumun hansı növ silahdan açılan atəş nəticəsində öldüyünü, silahın hansı məsafədən açıldığını, silahdan atəş açılan zaman zərərçəkənin hansı vəziyyətdə olduğunu araşdırır: "Bütün bunlar tezliklə açıqlanacaq".
Qeyd edək ki, dekabrın 13-dən 14-ə keçən gecə Yasamal rayonu Əhməd Cəmil
küçəsi, 83 saylı binanın qarşısında naməlum kişi meyiti aşkarlanıb. Araşdırma
nəticəsində meyiti tapılan şəxsin 50 yaşlı Namiq Fikrət oğlu Ələkbərov olduğu
müəyyənləşib. Mərhum başından aldığı güllə yarasında ölüb. Meyitin yanında
"Makarov" tipli tapança da aşkar edilib.
Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə
çatdırma) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə cinayət
işi açılıb, istintaq davam etdirilir.
Yasamal rayon prokuroru H. Pirməmmədov açıqlamasında qeyd edib ki,
hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Araşdırmalar zamanı
Namiq Ələkbərovun öldürülməsi faktı təsdiqini taparsa, cinayət işi qəsdən adam
öldürmə maddəsinə tövsif oluna bilər.
O.M.