
MTN İran-Azərbaycan marşrutu üzrə fəaliyyət göstərən narkotik qaçaqmalçılarını tutdu
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzindən verilən məlumata görə, (MTN) tərəfindən bu günlərdə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qaçaqmalçılığında və qanunsuz dövriyyəsində təqsirli bilinən şəxslər tutulub. Azərbaycan Respublikasının vətəndaşları - Bağırov Ramiz Qəzənfər oğlu, Quliyev İmran Ələkbər oğlu, İran İslam Respublikasının vətəndaşı Nasirzadə Noşahr Oruc Mohammadalı oğlu və digərləri qabaqcadan əlbir olaraq satış məqsədi ilə külli miqdarda heroini gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək İrandan Azərbaycana gətiriblər.
Müəyyən edilib ki, Ramiz Bağırov hazırda şəxsiyyəti istintaqla araşdırılan İran
İslam Respublikası vətəndaşına külli miqdarda narkotik vasitə sifariş verib və
həmin narkotikin qaçaq yolla Azərbaycana gətirilməsini qrupun digər üzvü İmran
Quliyevə tapşırıb. Bu məqsədlə qrupun üzvləri arasında külli miqdarda narkotik
vasitənin sərnişin avtobusunun sürücüsü İran İslam Respublikasının vətəndaşı
Noşahr Nasirzade ilə Azərbaycana göndərilməsi barədə razılıq əldə olunub.
Bundan sonra, Noşahr Nasirzade idarə etdiyi "SKANİA" markalı avtobusda
içərisində 500 qramdan artıq heroinin gizlədildiyi xüsusi hazırlanmış dörd ədəd
laminat taxta hissələrini Azərbaycana gətirib Lənkəran şəhəri yaxınlığında
İmran Quliyevə təhvil verib, həmin heroindən 27,7 qramını isə özündə
saxlamışdır. İmran Quliyev MTN əməkdaşları tərəfindən yaxalanıb, baxış zamanı
qeyd olunan dörd ədəd laminat taxta hissələrinin içərisində gizlədilmiş 500
qrama yaxın heroin aşkar edilərək götürülüb. Noşahr Nasirzade də saxlanılıb və
üzərindən 27,7 qram heroin aşkarlanıb.
MTN-in narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdiyi daha bir
əməliyyat tədbiri nəticəsində Gürcüstan vətəndaşları - Səmədzadə Ənvər Ramiz
oğlu, İlyazov Seymur Bariz oğlu, Kalayev Ramin İbrahim oğlu, Şərifov Mikayıl
Hidayət oğlu, Kərimov Sair Rafael oğlu, İran İslam Respublikasının vətəndaşı
Mostafaei Mohammad Tagı Hossein oğlu, Azərbaycan Respublikasının vətəndaşları -
Abbasov Arif Salman oğlu və Abbasov Məmməd Salman oğlu saxlanılıb. Müəyyən
edilib ki, adları çəkilən şəxslər və qeyriləri qabaqcadan əlbir olaraq satış
məqsədi ilə külli miqdarda heroini gömrük sərhədindən gömrük nəzarətindən gizli
keçirərək İrandan Azərbaycana gətiriblər.
Məlum olub ki, qrupun üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən
Mohammed Mostafaei külli miqdarda, yəni təxminən 500 qram heroinə görə ödənməli
olan 4 min ABŞ dollarından 2 min 800 dolları aldıqdan sonra əldə etdiyi həmin
narkotiki "Peugeot" markalı avtomobilində gizlədərək qaçaq yolla İrandan
Azərbaycana keçirib və Bakı şəhərinə gətirib.
Hər iki faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi
tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan
əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4.1-ci və 234.4.3-cü
(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik
vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri
başlanılmışdır. Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb
olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
O.M.