Masallı şəhərinin icra nümayəndəsi rüşvət alarkən tutuldu

Masallı şəhərinin icra nümayəndəsi rüşvət alarkən tutuldu

13 Dekabr 2011 15:24
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, prokurorluq orqanları tərəfindən korrupsiya hüquqpozmalarına qarşı kəsərli mübarizə tədbirləri davam etdirilərək son günlər bu kateqoriyadan olan cinayət faktlarının aşkar edilməsi istiqamətində bir sıra istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Belə ki, Masallı rayon sakini Alışov Rasim Mirzağa oğlunun müraciəti üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırmalarla müəyyən edilib ki, Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri üzrə ərazi nümayəndəsi vəzifəsində işləyən Sadıqzadə Laçın Cəfər oğlu özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq məhkəmə qərarı və ya buna əsas verən sair rəsmi sənəd olmadan 2011-ci ilin iyun ayında rayon sakini, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan R.Alışovun əsaslı etirazlarına baxmayaraq sonuncuya məxsus Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən mağazanın sökülməsinə qanunsuz göstəriş verib. Bundan sonra L.Sadıqzadə mağazanın öz hesabına yenidən tikintisinə icazə verilməsi üçün rayon icra hakimiyyətindən sərəncam alınması müqabilində R.Alışovdan 5 min manat rüşvət istəyib.
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində 9 dekabr 2011-ci il tarixdə L.Sadıqzadə Masallı rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında R.Alışovdan həmin məbləğin 2 min manatını rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanmış, Laçın Sadıqzadəyə həmin maddələrlə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, Bakı şəhər sakini Baş Prokurorluğa müraciət edərək Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin dosenti və həmkarlar komitəsinin sədri vəzifəsində işləyən Rüstəmov Rüzbeh Nadir oğlunun həmin universitetin Nəqliyyat fakültəsinin dördüncü kursuna qəbul etdirmək üçün ondan 15 min manat pulu rüşvət olaraq istəməsini göstərib.
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində R.Rüstəmov 9 dekabr 2011-ci il tarixdə universitetin Bakı şəhəri, Təbriz küçəsi 19 saylı ünvanda yerləşən inzibati binasındakı xidməti otağında həmin pul vəsaitini rüşvət alarkən cinayət başında yaxalanıb.
Fakta görə başlanmış cinayət işi üzrə R.Rüstəmov Cinayət Məcəlləsinin rüşvət almaya görə məsuliyyət nəzərdə tutan 311.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda həmin iş üzrə tam və hərtərəfli istintaq aparılmaqla Təfəkkür Universitetinə qanunsuz tələbə köçürmələri ilə əlaqədar Təhsil Nazirliyindən cəlb edilmiş mütəxəssislərlə birgə müvafiq araşdırmalar davam etdirilir.

O.M.