Azərbaycanda 12 dekabrın kriminal xronikası

Azərbaycanda 12 dekabrın kriminal xronikası

13 Dekabr 2011 14:14
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 48 cinayət faktı qeydə alınmışdır

12.12.2011

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 48 cinayət faktı qeydə alınmış, onların da 23-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 9 nəfər isə yaralanmışdır.

9 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər ölmüşdür.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 30 nəfər tutulmuşdur.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

12.12.2011

Dekabrın 12-də saat 16.55 radələrində Yasamal rayonu ərazisində şəhər sakini Kənan Rəsulov "Mercedes" markalı avtomaşını idarə edərkən şəhər sakini Akif Əliyev vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Goranboy rayonunun Sarovlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi

12.12.2011

Dekabrın 12-də saat 19.45 radələrində Goranboy rayonunun Sarovlu kəndi ərazisində Gəncə şəhər sakini Urfan Quliyev "VAZ-21074" markalı avtomaşını idarə edərkən rayon sakini Saleh Verdiyevi vurmuşdur. Piyada hadisə yerində ölmüşdür.

Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi

12.12.2011

Dekabrın 12-də saat 23.00 radələrində Quba rayonu ərazisində Nügədi kənd sakini Elnur Həsənov "VAZ-21043" markalı avtomaşını idarə edərkən həmyerlisi Səlahəddin Şıxverdiyev vurmuşdur. Piyada hadisə yerində ölmüşdür.

Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi

12.12.2011

Dekabrın 12-də saat 22.00 radələrində Xəzər rayonu ərazisində şəhər sakini Seymur Mürsəlov "BMW" markalı avtomaşını idarə edərkən onu, qarşıda gedən şəhər sakini Ramin Süleymanovun idarə etdyi "Mercedes" markalı avtomaşına vurmuş, sonradan R.Süleymanov idarəetməni itirərək avtomaşınını Qənbər Kazımovun idarə etdiyi "Mercedes" markalı avtomaşına çırpmışdır. Nəticədə xəsarət almış hər 3 sürücü xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri ağırdır.

Bakı şəhərinin Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi

12.12.2011

Dekabrın 12-də saat 04.00 radələrində Bakının Nizami rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Aftandil Tağıyev vurulmuşdur. Xəsarət almış zərərçəkmişə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi

12.12.2011

Dekabrın 12-də saat 06.55 radələrində Xətai rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Ceyhun Nadirov vurulmuşdur. C.Nadirov yüngül xəsarət aldığından xəstəxanaya müraciət etməmişdir. İlkin əməliyyat-axtarış tədbirləri Xətai RPİ tərəfindən aparılır.

Biləcəri qəsəbə sakini R.Məmmədov elektrovozla vurulmuşdur

12.12.2011

Dekabrın 12-də saat 08.50 radələrində Bakı-Biləcəri mənzilinin 49-cu km-də, qorunmayan keçiddə elektrovozla Biləcəri qəsəbə sakini Rauf Məmmədov vurulmuşdur. Xəsarət almış R.Məmmədov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Bakı şəhər sakini K.Əliyev dəm qazından boğulmuşdur

12.12.2011

Dekabrın 13-də saat 00.05 radələrində, İ.Məmmədov küçəsi ev 6 mənzil 14-də yaşayan 1995-ci il təvəllüdlü Əliyev Kamran Heydər oğlu mənzildə dəm qazından boğulmuşdur.

Sumqayıt şəhər sakini Ş.Ağayeva dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir

12.12.2011

Dekabrın 12-də saat 02.40 radələrində, Sumqayıt şəhəri 9-cu mikrorayon ev 52 mənzil 28-də yaşayan 1972-ci il təvəllüdlü Ağayeva Şəhla Dilavər qızı evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti orta-ağırdır.

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi

12.12.2011

Dekabrın 12-də saat 21.20 radələrində Nərimanov rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini İlkan Quliyev vurulmuşdur. Xəsarət almış zərərçəkmişə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Xaçmaz rayonunun Çarxı kənd sakini İlahə Eyvazovaya məxsus evdə yanğın baş vermişdir

12.12.2011

Dekabrın 12-də saat 17.00 radələrində Xaçmaz rayonunun Çarxı kəndində, kənd sakini İlahə Eyvazovaya məxsus evdə yanğın baş vermişdir. Nəticədə evin döşəməsi yanmış, ev sahibəsinin körpə oğlu - Eyvaz aldığı yanıq xəsarətindən ölmüşdür.

Xızı rayon sakini Hacıbala Cəlilov və Sumqayıt şəhər sakini Cabir Əkbərov 1,3 kq heroini satarkən tutulmuşlar

12.12.2011

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xızı rayon sakini, əvvəllər məhkum olunmuş Hacıbala Cəlilov və Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Cabir Əkbərov 1,3 kiloqram heroini satarkən tutulmuşlar.

Mağazadan oğurluq etmiş Ucar rayon sakini Nicat Cavadov tutulmuşdur

12.12.2011

Dekabrın 2-nə keçən gecə Bakının Nizami rayonu ərazisində şəhər sakini Rəşad Xudaverdiyevə məxsus mağazadan qapını sındırmaq yolu ilə spirtli içki və tütün məmulatı oğurlanmışdır. Nizami (Bakı) RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş Ucar rayon sakini Nicat Cavadov tutulmuşdur.

Bakı şəhər sakini H.Əliyevin etimadını qazanaraq mobil telefonunu ondan almış Saatlı rayon sakini R.Əliyev tutulmuşdur

12.12.2011

Dekabrın 9-da Nərimanov rayonu ərazisində naməlum şəxs şəhər sakini Habil Əliyevin etimadını qazanaraq mobil telefonunu ondan almışdır. Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Saatlı rayon sakini Rahim Əliyev tutulmuşdur.

Şamaxı rayon sakini M.Xanatova məxsus qoyunları oğurlamağa cəhd göstərmiş bir qrup şəxs tutulmuşdur

12.12.2011

Şamaxı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Məhərrəm Xanatova məxsus qoyunları oğurlamağa cəhd göstərmiş, Saleh Rzayevə məxsus "VAZ-2106" markalı avtomaşını isə qaçırmış Şamaxı şəhər sakini Ələvəz Şükürov, Kamran Zahidov və Muxtar Hüseynov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların avqustun 21-də Hacı Quliyevə məxsus "VAZ-21011" markalı avtomaşını qaçırmaları da müəyyən edilmişdir.

Saatlı rayonu ərazisində qaz borusunu kəsərək oğurlamış şəxslər tutulmuşlar

12.12.2011

Saatlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də Soltanabad kəndinin ərazisindən keçən rayon Qaz İstismarı İdarəsinə məxsus istifadəyə yararsız 100 metr uzunluğunda qaz borusunu kəsərək oğurlamış, kənd sakini Adıgözəl İbrahimov və Əlihüseyn İbrahimov tutulmuşlar.

Cinayət Məcəlləsi cəmiyyəti cinayətkarlardan ayıran sipərdir...

Sərvər Aslanov

O.M.