
Rusiyada Sarkisyanı öldürən 7 polis həbsə alındı
7 qanun keşikçisi oğurluqda şübhəli bilinən 34 yaşlı erməni Armen Sarkisyanı ölənədək döydü. Faktla bağlı növbətçi hissənin bütün əməkdaşları həbsə alındılar. Rusiya mətbuatının mərhumun qohumlarına istinadən verdiyi məlumatına görə, Orenburq şəhərinin sakini, milliyyətçə erməni olan Armen Sarkisyan səhər dostuna baş çəkmək üçün xəstəxanaya getmişdi. Günorta gözlənilmədən oğurluq şübhəsi ilə tutuldu. Gecə isə atasına zəng vuruldu ki, oğlunun şəxsiyyətini müəyyən etmək üçün morqa gəlsin.
Mərhumun başında xaçvarı təzə yara görünürdü. Böyrəkləri sıradan çıxarılmışdı. Bədənində çoxsaylı qançırlar var idi. Polislər isə iddia edirdilər ki, sorğu-sual zamanı qəflətən dindirilən şəxsin ürəyi ağrımağa başladı və onlar bölməyə təcili yardım çağırdılar.
Rusiya mətbuatı xəbər verir ki, meyitin patoloji anatomiya təhlilinin nəticələri Rusiya Federasiyası İstintaq Komitəsinə təhvil verildikdən dərhal sonra polislər şübhəli şəxs qismində həbsə alındılar. Belə ki, nəticələrə əsasən, mərhumun ürəyində heç bir problem yox idi və o, döyülərək, işgəncə ilə öldürülmüşdü.
Hüquq Mühafizə Orqanları ilk növbədə insanın yaşamaq hüququnu mühafizə etməlidirlər...
Sərvər Aslanov
O.M.