
Bakı-Moskva təyyarəsinə xəlvəti yolla keçirilən 253800 dollar götürüldü
Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan vətəndaşı Emin Ramazanov gömrük nəzarətindən keçdikdən sonra təyyarənin bortunda saxlanılıb və qanunvericiliyə uyğun olaraq, hal şahidlərinin iştirakı ilə onun əl çantasına baxış keçirilib. Baxış zamanı həmin çantadan 2538 ədəd - hər biri 100 ABŞ dolları nominalında olmaqla, cəmi 253800 ABŞ dolları aşkar olunaraq, protokol əsasında götürülüb. İlkin araşdırma zamanı E.Ramazanov izahatında bildirib ki, çantasından aşkar olunan 253800 ABŞ dollarını ona Heydər Əliyev Beynəlxalq Aeroportunun məhdud girişli steril zonasındakı sanitariya qovşağında "Azərbaycan Hava Yolları" QSC Aviasiya Təhlükəsizlik İdarəsinin növbə rəisinin müavini Rəşadət Vəliyev öz üzərində səhər saatlarında gömrük nəzarətindən gizli keçirdikdən sonra verib. Faktla bağlı təhqiqat aparılır.
O.M.