Azərbaycanlı həmyerlisini öldürüb kanalizasiyaya atdı

Azərbaycanlı həmyerlisini öldürüb kanalizasiyaya atdı

9 Dekabr 2011 16:48
Bəyəndim (0) Bəyənmədim (0)
İstintaq materiallarından: Hadisə Moskva şəhərində baş verib

Bakı Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayon sakini Quliyev Mübariz Məmmədəli oğlunun məhkəmə istintaqı başlayıb. Təqsirləndirilən şəxs həmyerlisini qətlə yetirməkdə ittiham olunur.

İstintaq yolu ilə müəyyən edilib ki, Mübariz Quliyev qeyri rəsmi ər-arvad münasibətində olduğu Təranə Zeynalova və Gəncə şəhər sakini Elçin Kazımovla birlikdə Moskva şəhəri Raşupkin küçəsi 4 nömrəli evin 5-ci mənzilində kirayədə yaşayıb. Aralarında yaranmış narazılıqla əlaqədar 27 dekabr 2008-ci ildə saat 01 radələrində Mübariz Quliyev mənzilə qayıdan Elçin Kazımova qapını açmayıb. Sonuncu həmyerlisi Asəf Məstəliyevin idarə etdiyi avtomaşınla gedərək Eldəniz adlı şəxsdən yaşadığı mənzilin dublikat açarını alıb. Saat 02:00 radələrində həmin avtomaşınla geri qayıdaraq mənzilin qapısını açıb, içəri daxil olub. Mənzilin mətbəx otağında Mübariz Quliyevdən qapını açmamasının səbəbini aydınlaşdırarkən aralarında mübahisə yaranıb. Mübahisə zamanı Mübariz Quliyev Elçin Kazımovu qəsdən öldürmək məqsədilə masanın üzərindən götürdüyü bıçaqla

onun boyun nahiyəsindən zərbə vuraraq qətlə yetirib.

Bundan sonra Mübariz Quliyev törətdiyi cinayətin izini itirmək məqsədilə Təranə Zeynalova ilə birlikdə Elçin Kazımovun meyitini mələfəyə büküb və binanın birinci mərtəbəsinin giriş hissəsinə gətirib. Əvvəlcə Təranə Zeynalova binadan çıxıb ətrafa baxaraq müşahidə aparıb. Binanın qarşısında heç kimin olmadığını dəqiqləşdirdikdən sonra Mübariz Quliyev Elçin Kazımovun meyitini binadan çıxardıb, avtomaşının yanına aparıb. Təranə Zeynalova ayaqlarından, Mübariz Quliyev isə qollarından tutaraq meyiti avtomaşının yük yerinə qoyublar. Sonra mənzilə qayıdaraq, Təranə Zeynalova döşəmə üzərinə tökülmüş qanı yuyub təmizləyib, qana bulaşmış əskiləri, cinayətin aləti olan bıçağı, Elçin Kazımovun mobil telefonunu, gödəkcəsini, papağını, krosovkasını sellofan paketə yığıb, binanın yaxınlığında yerləşən zibil qabına atıb. Pasportunu və hərbi biletini isə yandırıb.

Sonra meyiti "QAZ-3110" markalı avtomaşınla apararaq, istintaqa məlum olmayan kanalizasiya borusunun içərisinə atıblar. İfşa olunacağından qorxaraq 29 dekabr 2008-ci ildə hər ikisi Moskva şəhərini tərk edərək "Moskva-Bakı" qatarı ilə Azərbaycan Respublikasına gəliblər.

20 iyul 2009-cu ildə Mübariz Quliyevin Rusiya Federasiyası CM-nin 105-ci maddəsinin 1-ci hissəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılaraq barəsində axtarış elan edilib.

14 sentyabr 2009-cu ildə Moskva şəhəri Doroqomilovskiy rayon məhkəməsinin qərarı ilə axtarışda olan Mübariz Quliyev barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçilib.

Mübariz Quliyev Azərbaycan Respublikasının vətəndaşı olduğuna görə, onun Rusiya Federasiyası CM-nin 105-ci maddəsinin 1-ci hissəsi ilə təqsirləndirilməsinə dair cinayət işi və barəsində cinayət təqibinin həyata keçirilməsi barədə vəsatət istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Şəmkir rayon prokurorluğuna göndərilib.

23 dekabr 2009-cu ildə Mübariz Quliyevin yuxarıda göstərilən cinayət əməli Rusiya Federasiyası CM-nin 105-ci maddəsinin 1-ci hissəsindən AR CM-nin 120.1-ci maddəsinə tövsif edilərək həmin maddə ilə ona ittiham elan edilib, Şəmkir rayon məhkəməsinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Müttəhim haqda qısa arayış

Quliyev Mübariz Məmmədəli oğlu 1976-cı ildə Şəmkir rayonunun Düyərli kəndində anadan olub. Əvvəllər məhkum edilməyib. Subaydır. Orta təhsillidir. Şəmkir rayonu Düyərli kəndində yaşayır. AR CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinir.

"Elçinlə Moskvada tanış olmuşdum"

Təqsirləndirilən şəxs qismində dindirilən Mübariz Quliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində 2007-ci ildə arvadı Zəminə ilə məhkəmə vasitəsi ilə boşandıqdan sonra Təranə Zeynalova ilə tanış olaraq görüşməyə başladığını göstərib: "2007-ci ilin payız aylarında işləmək üçün Moskva şəhərinə getdim. Evdən gedərkən Rusiyadakı telefon nömrəmi Təranə Zeynalovaya vermişdim. Orada 20-25 gün işsiz qaldım. Sonra "Matveyev" bazarının yanında yerləşən avtomobil dayanacağındakı avtomaşın sexində işə düzəldim. Həmin sex Goranboy rayon sakini Vüqar Həsənova məxsusdur. Sexdə usta kimi işə başlayarkən Gəncə şəhər sakini Elçin Kazımovla tanış oldum. Elçin həmin sexdə elektrik işləyirdi.

"Təranə Moskvaya gəlib mənimlə birlikdə yaşamağa başladı"

Təxminən 15-20 gün işlədikdən sonra Təranə mənə zəng vurub yanıma gələcəyini dedi. Əvvəlcə buna etiraz etsəm də, Təranə əl çəkmədi. Təranənin deməsinə görə, o, inəyini satıb bilet alaraq Moskvaya gəlmişdi. Onu vağzalda qarşılayıb, avtomaşınla sexin yanına gətirdim Vüqar Həsənovdan ev tapmaqda mənə köməklik etməsini xahiş etdim. Vüqar Zakir adlı tanışını çağırdı, biz iki ay Zakirin kirayə etdiyi evdə yaşadıq. Zakirlə yola getmədiyimizə görə, oradan çıxıb Rövşən adlı şəxsin evində yaşadıq. Sonra isə Vüqarla bir evdə yaşadıq. Yaşadığımız ev iki otaqdan ibarət idi. Vüqar 3 ay bizimlə birlikdə yaşadıqdan sonra başqa mənzilə köçdü. Vüqar köçəndən sonra mən Tovuz rayon sakini olan Eldəniz adlı oğlanı evə gətirdim, evin boş olan otağını Eldənizə verərək 7000 rus rublu aldım.

"Elçini evdən çıxartdıqları üçün onu öz yanıma gətirmişdim"

Mənzilin giriş qapısının açarı məndə və Eldənizdə olurdu. Eldəniz həm bazarda alverlə məşğul olur, həm də şəxsi VAZ-21012 markalı avtomaşından taksi kimi istifadə edirdi. Vüqarın sexində işləyərkən ona məxsus olan köhnə QAZ-3110 markalı avtomaşını 3000 rus rubla alaraq təmir etdim. Aldığım avtomaşınla işə gedib-gəlirdim. Həmin vaxtı gəncəli Elçin Kazımov "Matveydə" yaşayırdı. Uşaqlar onu evdən çıxardıqları üçün öz yanıma gətirmişdim. Elçin Eldənizlə bir otaqda, Təranə ilə mənsə başqa otaqda qalırdıq. Sonra Elçin Gəncəyə getdi. Gedərkən otağı başqasına verməməyi tapşırdı.

10-15 gün keçəndən sonra Elçin Gəncədən geri qayıtdı. Kirayə pulu ödəməyə imkanı olmadığına görə Vüqar Elçinin mənim yanımda yaşamağa davam etməsini xahiş etmişdi. Mən də Vüqarın məsləhəti ilə razılaşmışdım. Beləliklə, Elçin Gəncədən qayıtdıqdan sonra bizimlə bir evdə yaşamağa davam etdi. Biz çox vaxt birlikdə işə gedib-gəlirdik, münasibətlərimiz normal idi. Son vaxtlar Gəncəli Elvin adlı usta da bizimlə işləyirdi.

"Onlar yeyib-içməyi qurtarıb nəşə çəkirdilər"

26 dekabr 2008-ci ildə saat 22:00 radələrində Elçin, Elvin, Vüqar və iki nəfər dağıstanlı oğlan sexdə oturub yeyib-içirdik. Həmin vaxtı Saşa adlı müştəri arvadı ilə birlikdə avtomaşını sexdə təmir olunduğuna görə ustalara qonaqlıq təşkil etmişdi. Saşa və arvadı içkili olduqlarına görə Saşanın avtomobili ilə onları evlərinə apardım. Saşanın evində bir qədər oturduqdan sonra yenidən sexə qayıtdım. Sexdə heç kim yox idi. Vüqar, Elçin, Elvin və iki nəfər dağıstanlı uşaqlar kafeyə getmişdilər. Saat 24:00 radələrində Elçin zəng edib məni kafeyə çağırdı. Mən Elçingilin olduqları "Karvan" kafesinə getdim. Stolun üstündə boş araq, çaxır və pivə şüşələri var idi. Onlar yemək-içməyi qurtarıb nəşə çəkirdilər.

"Nəşə çəkmədiyimə görə Elçin məni söydü"

Stolun üstündəki kibrit qutuda nəşə var idi. Mənə də nəşə çəkməyi təklif etdilər. Lakin mən imtina edib kafedən çıxarkən Elçin məni söydü. Mən imtina etdiyimə görə, Elçin onların nəşə çəkdiklərini Vüqara xəbər verəcəyimi düşünüb, ana-bacı söyüşü söydü. Kafedən sexə qayıtdım. Həmin vaxtı Vüqar sexdə idi. Vüqar haradan gəldiyimi soruşdu. Əvvəlcə Elçingilin nəşə çəkdiyini və bu səbəbdən onların yanında oturmadığımı demədim. Lakin Vüqar təkid etdiyinə görə, Elçingilin kafedə nəşə çəkdiyini açıqladım. Vüqar mənim yanımda Elçinə zəng vurub onları sexə çağırdı. Amma Elçin kafedə oturduqlarını, sexə gəlməyəcəklərini söylədi. Bundan sonra mən avtomaşına oturub evə getdim.

"Dirilərimin və ölülərimin ünvanına söyüş yağdırdı"

Saat təxminən 02 radələrində mənzilin qapısı döyüldü. Təranə qapıya yaxınlaşıb Elçinin qapını döydüyünü dedi. Mən Təranəyə Elçinin içdiyini və nəşə çəkdiyini deyərək, qapını açmağa icazə vermədim. Elçin çıxıb getdi. Təxminən 30-40 dəqiqə keçəndən sonra Eldənizdən aldığı açarla mənzilin qapısını açaraq içəri daxil oldu. Mətbəx otağında oturacaqları və stolu təpikləyib sındırdı. Məni görən kimi ana-bacı söyüşü edərək qapını nə üçün açmadığımı soruşdu. Ondan söyüş söyməməyi tələb edərkən, Elçin dirilərimin və ölülərimin ünvanına söyüş söyməyə davam etdi.

"Sərxoş və nəşəli olduğuna görə özünü tamamilə idarə edə bilmirdi"

Sonra qəflətən boğazımdan tutub məni qaz plitəsinin üstünə yıxaraq öldürəcəyi ilə hədələdi. Bir təhər Elçinin əlindən çıxıb qaz plitəsinin üstündəki çayniki onun arxasınca atdım, lakin çaynik Elçinə dəymədi. Bu zaman Elçin qaz plitəsinin yanındakı tavanı götürüb sifətimdən vurdu. Tava gözümü və burnumu zədələdi. Elçin sərxoş və nəşəli olduğuna görə özünü tamamilə idarə edə bilmirdi. Özümü qorumaq üçün masanın üzərindəki mətbəx bıçağını götürüb sağa-sola hərəkət etdirərək ondan yaxın gəlməməyi tələb etdim. Bıçaq Elçinin boynunun yan hissəsinə dəydi. Elçin yaralı halda öz otağına keçib, çantasında olan düyməli bıçağı götürüb məni vurmaq istəyərkən, ona təpik atdım. Bıçaq sol dabanımı kəsdiyinə görə hamam otağına keçmək istədim. Yerə yıxılmış vəziyyətdə olan Elçin ayağımdan tutub qalxmaq istədi, lakin qalxa bilmədi, söyüş edərək sağ ayağımın daban hissəsini də bıçaqladı. Söyüşlərini davam edərək keçindi.

"Meyiti baqajnikə qoyduq"

Hadisənin təsirindən özümü tamamilə itirmişdim, nə etmək lazım olduğunu bilmirdim. Əvvəlcə Vüqara zəng etmək istədim. Lakin Təranə icazə vermədi. Çıxış yolu tapa bilmədiyim üçün Elçinin meyitini evdən çıxardaraq atmaq qərarına gəldim. Təranə ağ rəngli mələfəni Elçinin qan axan yerinə bükdü. Birlikdə meyiti ikinci mərtəbədən binanın giriş hissəsinə düşürtdük. Təranə meyitin ayaqlarından, mən isə qollarından tutaraq özümə məxsus olan QAZ-3110 markalı avtomaşının yük yerinə (baqajnikə) qoyduq. Sonra avtomaşını binanın qarşısından sürüb bir qədər aralıda saxlayaraq mənzilə qayıtdıq. Elçinin qanı mənzilin mətbəx otağına töküldüyü üçün Təranə qan izlərini əski ilə sildi. Həmin əskiləri, Elçinin ayaqqabılarını, üst paltarlarını və bıçağı mənzildən çıxardaraq binanın yaxınlığında yerləşən zibilliyə atdı, pasportunu isə yandırdı.

"Elçinin meyitini borunun içinə atdım"

Səhər açılarkən Təranə ilə birlikdə avtomaşına oturub Elçinin meyitini atmağa getdik. Avtomaşını "Oçakovskiy" deyilən şose istiqamətində sürdüm. Meyiti atmaq üçün yer axtardım, şose yolu ilə sona qədər getdim. Dəmir yolu olan körpünün altından keçərək dövlət avtomobil müfəttişliyinin binasının yanına gəldim, lakin qorxduğum üçün meyiti həmin ərazidə atmadım. Gəldiyim yolla geri qayıtdım. Yolun sağ tərəfində səkidən 4-5 metr aralı çökək yerdə təxminən yarım metr hündürlükdə dəmir boru gördüm, avtomaşını həmin yerdə saxladım. Maşının yük yerini açıb, meyiti yerə saldım, meyiti enli borunun içinə atdım. Həmin boru 5-6 metr dərinlikdə keçən kanalizasiya xəttinə birləşmişdi. Meyiti atarkən kanalizasiya xəttində su axımının olduğunu gördüm.

"Yalandan onlarla qoşularaq xəstəxanaya və morqa getdim"

Hadisənin səhəri günü Elvin zəng vurub Elçini soruşdu. Gecə evə gəlmədiyini deyib, Elçini gecə maşınla kafedən Matvey bazarının yanına kimi gətirdiyini, işıqforun yanında Gəncəli Asəfin avtomaşınına mindirib evə göndərdiyini dedi. Asəf də Elçini evin podyezdinin qarşısında düşürdüb getdiyini təsdiqlədi. Lakin Təranə ilə mən Elçinin gecə evə gəlmədiyini dedik. Elvin, Asəf və Vüqar Elçini axtarmağa başladılar. Mən də yalandan onlarla qoşularaq birlikdə xəstəxanaya və morqa getdim.

"Onu öldürmək niyyətim olmayıb"

İş yoldaşlarımın Elçinin itməsində məndən şübhələndiklərini hiss etmişdim. Dekabrın 29-da Təranə ilə birlikdə Moskva-Bakı qatarı ilə Azərbaycana qayıtdım. Elçini öldürmək niyyətim olmayıb. Mən özümü müdafiə etmək üçün bıçağı əlimə götürmüşəm. Elçin hücum edərkən bıçaq ona dəydi. Elçinin meyitini qorxduğum üçün evdən aparıb atmışam".

"Mübarizlə Təranə işin açılacağını bilib Moskvadan qaçıblar"

Zərərçəkmiş şəxs qismində dindirilən Zöhrə Kazımova oğlu Elçinin 2004-cü ilin noyabr ayında hərbi xidmətdən qayıtdığını və bir müddət sonra işləmək üçün Moskva şəhərinə getdiyini göstərib: "Elçin avtomaşın təmiri sexi olan Goranboy rayon sakini Vüqar adlı şəxslə tanış olmuşdu. O da Elçini işə götürərək ona elektrik sənətini öyrətmişdi. Moskva şəhərində Elçin bir müddət Vüqarla bir evdə yaşamışdı. Sonra Vüqar başqa evə köçmüş, oğlumsa əvvəlcə Bağmanlıdan olan uşaqlarla, sonrasa Şəmkir rayon sakini Mübarizlə kirayə evdə yaşamışdı.

27 dekabr 2008-ci ildə oğlumun dostu Elvin mənə zəng vurub dedi ki, bir gün əvvəl Elçini Aska ləqəbli şəxslə evlərinə aparıb, amma ertəsi gün işə çağırmaq üçün Mübarizə zəng vuranda, o, Elçinin gecə evə gəlmədiyini deyib. Elçini hər yerdə axtarsalar da, tapa bilməyiblər. İki gündən sonra sexin sahibi Vüqar mənə zəng vurub dedi ki, Elçinin yaşadığı evin girəcəyində quraşdırılmış videokameradan videoçəkilişi çıxardıb, həmin videoçəkilişə baxdıqdan sonra hər şey aydın olacaq. Vüqar eyni zamanda onu da dedi ki, onlar videoçəkilişin götürülməsi barədə söhbət edərkən, Elçinlə bir mənzildə yaşamış Mübariz işin açılacağını bilib, onlara məlumat vermədən ər-arvad kimi yaşadığı Təranə ilə birlikdə tez-tələsik Moskvadan qaçıblar.

"Oğlumun meyiti indiyə qədər də tapılmayıb"

Vüqar videoçəkilişə baxandan sonra yenidən zəng vurub Mübarizlə Təranənin 27 dekabr 2008-ci ildə saat 05 radələrində Elçinin meyitini mələfəyə bükülmüş vəziyyətdə yaşadıqları evin girəcəyindən çıxartmaları barədə məlumat verdi. 27 dekabr 2008-ci il tarixdən bu günə kimi Elçindən heç bir xəbər olmayıb. Onun meyiti də indiyə kimi tapılmayıb. Elçin itkin düşdükdən sonra mən özüm də hər yerdə onu axtardım, bu məqsədlə Moskvaya getdim, orada Elçinlə birlikdə işləmiş Vüqarla, həmin gecə Elçinə, mənzilin açarını vermiş Eldənizlə və başqa uşaqlarla görüşüb söhbət etdim. Onların söhbətlərindən məlum oldu ki, Mübariz həqiqətən oğlumu öldürüb. Sonra cinayət işinin istintaqını aparan müstəntiq İvankovla görüşdüm. Müstəntiq də Mübarizin Elçini öldürdüyünü təsdiqlədi.

"Elçinin meyitini gizlətmək barədə ondan məsləhət alıb"

Qızım Elnarə Təranənin telefon nömrəsini əldə edib bir necə dəfə zəng vurub onunla danışdı. Təranə Elnarəyə dedi ki, hadisə baş verən gecə Elçin evə gəldikdən sonra Mübarizlə onun arasında mübahisə yaranıb. Mübahisə zamanı Mübariz qaynar çayniki oğlumun üstünə atıb, sonra onu bıçaqla vuraraq öldürüb. Təranənin deməsinə görə, Mübariz Elçini öldürdükdən sonra Moskva şəhərində yaşayan tanışı Ələddin adlı şəxsə zəng vuraraq bu barədə ona məlumat verib. Elçinin meyitini gizlətmək barədə ondan məsləhət alıb.

"Oğlumun qatilinə köməklik edənlərin də cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirəm"

Oğlumun spirtli içkilər və narkotik vasitələr qəbul etdiyini görməmişəm. Məndə olan məlumata görə, hadisə gecəsi oğlum öldürülərkən üstündə 100 qram çəkidə boyunbağı, brilyant qaşlı üzük və qızıl bilərzik olub. Oğlumu qətlə yetirən şəxsə köməklik edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirəm".

"İnəyimi satıb Moskvaya getdim"

Baş vermiş ölüm hadisəsinin bilavasitə şahidi və cinayətin gizlədilməsində aktiv şəkildə iştirak etmiş Təranə Zeynalova ifadəsində 2007-ci ildə Şəmkir rayon sakini Mübariz Quliyevlə tanış olduğunu göstərib: "Aramızda yaxın münasibət vardı. Mübariz Moskva şəhərinə işləməyə getmişdi. Bir müddət sonra mənə zəng vurub avtomaşın təmiri sexində işə düzəldiyini dedi və yanına gəlib ona qulluq etməyimi xahiş etdi. Mübariz yolpulu göndərmədiyi üçün inəyimi satıb yolpulu düzəldərək qatarla Moskvaya getdim. Orada bir neçə ünvanda kirayədə yaşadıq. Mübarizin işlədiyi sexin sahibi Vüqar ailəsi ilə birlikdə başqa mənzilə köçəndən sonra biz həmin mənzildə yaşadıq. Sonra Mübarizlə birlikdə sexdə işləyən Elçin və dostu "Aska" ləqəbli şəxs bizimlə birlikdə yaşamağa başladılar. Elçinlə Aska bizimlə yaşadıqları dövrdə münasibətlərimiz yaxşı idi. Sonra Aska evdən çıxdı, onun yerinə Matvey bazarında işləyən, əslən Tovuz rayonundan olan Eldəniz adlı şəxs bizimlə birlikdə yaşadı. Biz kirayədə yaşadığımız mənzilin pulunu bərabər qaydada ödəyirdik. Elçin dekabr ayının əvvəlində bir həftəlik Gəncə şəhərinə getmişdi. Oradan qayıdarkən evin açarını yadından çıxardaraq Gəncədə qoyub.

"Mübariz mənə Elçini evə buraxmamağı tapşırdı"

27 dekabr 2009-cu ildə gecə saat 01:00 radələrində Mübariz əsəbi halda evə qayıdıb, Elçinə qapını açmamağı tapşırdı. Nə baş verdiyini soruşduqda dedi ki, Elçin onu hansısa kafeyə dəvət edib, o, həmin kafeyə gedib, Elçinlə nəyinsə üstündə mübahisə edib. Biz yemək yedikdən sonra təxminən saat 01:30 radələrində yatdıq. Gecə saat 02:00 radələrində Elçin evə gəlib qapını döyərək Mübarizi çağırdı. Mən qapını açmaq istəyərkən Mübariz qapını açmağa icazə vermədi. Qapını açmadığımız üçün Elçin çıxıb getdi. Təxminən 30 dəqiqə sonra Elçin Eldənizdə olan açarı alıb geri qayıtdı. Qapını açıb mətbəxə keçərək orada siqaret çəkdi. Sonra Mübarizi çağırıb nə üçün qapını açmadığını soruşdu. Mübariz ona "yaxşı edirəm", - dedi. Elçin mətbəxdə olan stolu itələdiyinə görə Mübariz polis çağıracağını dedi. Elçin isə cavabında "çağırmayanın var-yoxunu...",- deyərək Mübarizi söydü. Sonra Mübarizin boğazından sıxaraq yaxınlıqda olan qaz plitəsinin üstünə söykədi. Elçindən Mübarizi buraxmasını xahiş etdim, sonuncu Mübarizi buraxdı. Həmin vaxtı Mübariz qaz plitəsində olan dəmir çayniki götürüb Elçinin üstünə tulladı. Lakin çaynik ona dəymədi.

"Meyiti sürütləyə-sürütləyə aşağı düşürtdü"

Mübariz mətbəxdə mişar kimi olan bıçağı götürüb Elçinin boynunun sol tərəfindən vurdu. Elçin mətbəxdə böyrü üstə fırlanıb yerə yıxıldı, xırıltılı səslər çıxartdı, onun dodaqları qaraldı. Az vaxt keçəndən sonra Mübariz Elçinin öldüyünü dedi. Sonra Mübariz bir nəfər dostu ilə telefonla danışdı. Ona Elçini öldürdüyünü deyərək ondan məsləhət istədi. Sonra Mübariz tanışı, əslən Tovuz rayonundan olan Ələddin "doktora" zəng edib Elçini öldürdüyünü söylədi. Ələddin ona nə demişdisə, Mübariz Elçinin meyitini döşək ağına bükdü. Sonra evdən çıxarıb həyətdə saxladığı QAZ-3110 markalı maşının yük yerinə qoymaq üçün binanın girişinə sürütləyə-sürütləyə düşürtdü. Həmin vaxt mən də Mübarizlə birlikdə aşağı düşdüm. Binadan çıxıb ətrafa baxdım. Binanın qarşısında heç kim yox idi. Giriş qapısını tutdum, Mübariz Elçinin meyitini binadan çıxardıb maşının yanına apardı. Mən də yaxınlaşıb maşının yük yerini açdım. Mübariz meyiti yük yerinə tək qoya bilmədiyinə görə, meyitin ayaqlarından tutub ona köməklik etdim.

"Meyiti haraya atdığını görmədim"

Mübariz maşını sürüb bir qədər aralı saxladıqdan sonra birlikdə mənzilə çıxdıq. Döşəməyə tökülmüş qan ləkələrini yuyub təmizlədim. Elçinin telefonunu, kurtkasını, papağını, ayaqqabısını sellofan paketə yığıb binanın yaxınlığında yerləşən zibil qabına atdıq. Elçinin pasportunu, hərbi biletini isə Mübariz bağçada yandırdı. Bağçada olarkən Mübariz Tümen vilayətində olan qardaşı Ramizə zəng edib danışdı. Ramiz ona Azərbaycana qaçmağı məsləhət gördü. Həmin vaxtı mən anam Minayə ilə danışmaq üçün qonşumuza zəng etdim. Ona Mübarizin adam öldürdüyünü, tezliklə evə qayıdacağımızı dedim. Səhər açıldıqdan sonra Mübarizlə maşınına minib Elçinin meyitini tullamağa getdik.

Mübariz yolda bir-iki dəfə Ələddinə zəng edərək danışdı. Sonra yolun kənarında maşını saxladı. Ağacların yanında yerdən təxminən 50 sm hündürlükdə basdırılmış enli dəmir boru var idi. Mən özümü pis hiss etdiyimdən maşından düşüb bir qədər aralandım. Maşından uzaqlaşdığım üçün Mübarizin meyiti dəqiq hara atdığını görməmişəm. Amma Mübarizlə geri qayıdarkən o, meyiti maşını saxladığı yerin yaxınlığındakı dəmir borunun içinə atdığını dedi.

"Mübarizin iş yoldaşları Elçini öldürməsində ondan şübhələnmişdilər"

Yolda Mübarizin iş yoldaşı Vüqar zəng edib, Elçinlə birlikdə işə gəlmələrini dedi. Mübariz Elçinin gecə evə gəlmədiyini bildirdi. Evə qayıtmaqdan və tək qalmaqdan qorxduğum üçün Mübariz məni Matveydə yaşayan Zakirin arvadı Rəziyəgilin evinə apardı, özü isə servisə getdi. Həmin gün günorta vaxtı Mübariz Aska ilə birlikdə gələrək mənzilin açarını məndən aldı. Axşam Mübariz işdən çıxandan sonra gəlib məni evə apardı. Həmin hadisədən sonra iki-üç gün qorxu içində orada yaşadıq. Mübarizin iş yoldaşları Elçini öldürməsində ondan şübhələnmişdilər.

"Elçinin meyitinin yerini deməyi tələb edirdilər"

Mübariz Azərbaycana qayıtmağı məsləhət gördü. Biz dəmiryol vağzalına gedərkən Elçinin dostu Aska və iş yoldaşı Vüqar Mübarizə mesaj göndərərək Elçinin meyitinin yerini deməsini tələb etdilər. Lakin Mübariz onların mesajına cavab vermədi.

Dəmir yol vağzalında olarkən Ələddin bizimlə görüşdü. Həmin vaxt Mübariz özünə məxsus olan maşının açarlarını ona verərək maşını satıb pulunu ona göndərməsini xahiş etdi. Sonra Moskva-Bakı qatarı ilə Azərbaycana gəldik. Azərbaycana qayıtdıqdan sonra mən yaşadığım - Dönük-Qırıqlı kəndinə, Mübariz isə Düyərliyə getdi.

Elçinin meyitini və cinayətin izlərini gizlətməkdə Mübarizə köməklik etdiyimə görə peşmanam.

QEYD: Məhkəmə prosesi davam edir. Çıxarılacaq hökmlə sizləri tanış edəcəyik.

O.M.