
Gəncədə böyrək alverçisinə hökm oxundu
Məhkəmə insanın daxili orqanlarının satışı ilə məşğul olan qadına 12 il həbs cəzası verib
Gəncə Ağır Cəza Məhkəməsində insanın daxili orqanlarının satışında təqsirləndirilən Bərdə rayon sakini İradə Səfixanovaya hökm oxunub.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin insan orqanlarının və ya toxumalarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmə (137), həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə, zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə insan alveri etmək (144-1.2.7, 144-1.2.9) maddələri ilə ittiham olunub.
"Hər şey borca görə baş verib"
İttihama görə, İradə Səfixanova Esmira Naibova adlı həmyerlisinə 3 min manat borc pul verib. Lakin sonradan Esmira Naibova borcunu qaytara bilməyib. O, pulun qaytarılmaması müqabilində böyrəklərinin transplantasiya edilməsi barədə İradə Səfixanova ilə razılığa gəlib. İradə Səfixanova isə tanışı Adilə Abdullayevanın böyrəyə ehtiyacı olduğunu deyərək, onu Esmira ilə tanış edib.
"Böyrək əməliyyatı Tehranda aparılıb"
İradə Adiləyə Esmiranın böyrəklərinin köçürülməsi üçün qohumlarının da razı olduğunu bildirib. Bundan sonra Adilə Esmira ilə birlikdə İran İslam Respublikasının Tehran şəhərinə yola düşüb. Tehran şəhərində yerləşən "Haşimi Neyad" böyrəkköçürmə mərkəzində Esmiranın sol böyrəyi əməliyyat yolu ilə Adiləyə köçürülüb. Bunun müqabilində isə Adilə Esmiraya 10 min manat pul ödəyib. Azərbaycana qayıdan qadın böyrəksiz yaşamasından əziyyət çəkib. Bu səbəbdən də başına gələnlər barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında İradə Səfixanova həbs olunub.
Birinci məhkəmə instansiyası
İradə Səfixanovanın barəsində toplanmış sübutlar Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib. Həmin vaxt cinayət işi məhkəmənin hakimi Kəramət Əliyevin icraatına verilib. Kəramət Əliyevin sədrliyi ilə keçirilən məhkəmə araşdırması zamanı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin topladığı faktlar sübuta yetirilməyib.
Və bəraət hökmü
Məhkəmə yolu ilə müəyyən edilib ki, Esmira Naibova böyrəklərinin köçürülməsinə könüllü razı olub və bunun müqabilində də küllü miqdarda pul alıb. Buna görə də məhkəmə İradə Səfixanovanın əməlində cinayət tərkibinin olmamağı qənaətinə gəlib. Məhkəmə İradə Səfixanovanın barəsində olan cinayət işinə xitam verərək, barəsində bəraət hökmü çıxarıb.
Gəncə Ağır Cəza Məhkəməsində çıxarılan hökm
Həmin hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib. Gəncə Apelyasiya Məhkəməsində prokurorluğun şikayətinə baxılıb. Araşdırma zamanı məhkəmə prokurorluğun şikayətini əsassız hesab edib və təmin edilməməyi barədə qərar çıxarıb. Həmin qərardan prokurorluq kasasiya şikayəti verib. Ali Məhkəmə şikayətə baxaraq İradə Səfixanovanın barəsində olan hökmü ləğv edib və işin yenidən birinci məhkəmə instansiyasında araşdırılması barədə qərar çıxarıb. Ali Məhkəmənin çıxardığı qərardan sonra birinci məhkəmə instansiyaları regionlara bölündüyü üçün İradə Səfixanovanın cinayət işi araşdırılması üçün Gəncə Ağır Cəza Məhkəməsinə göndərilib. Sözügedən Məhkəmədə İradə Səfixanovanın cinayət işinə yenidən baxılıb və yeni hökm çıxarılıb.
Məhkəmənin hökmü ilə İradə Səfixanova 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2008-ci ildə İradə Səfixanovanın barəsində bəraət hökmü çıxaran hakim Kəramət Əliyev Gəncə Ağır Cəza Məhkəməsinin sədridir.
Son söz əvəzi
Həyatda ilahi ədalət prinsipi mövcuddur. Biz bunu istəsək də, istəməsək də. Allah insanın əvvəlcə ağlını, sonra malını, ən sonda isə canını alır.
İnarə Rafiqqızı
O.M.