
Xəzərdə itkin düşmüş 2 qayığın axtarışı davam edir
Fövqəladə Hallar Nazirliyi məlumatına görə, Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyindən nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub ki, dekabrın 6-7-də 2 qayıq şəxsi məqsədlərlə Pirallahı adası ətrafında dənizə çıxıb, mühərriklərində yaranmış nasazlıq səbəbindən dalğaların və axının təsirindən Xaçmaz rayonu istiqamətində hərəkət edib.
Bildirilib ki, qayıqlardan biri Xaçmaz rayonunun Niyazoba kəndi sahilindən 20 km aralıda, digəri Pirallahı adasından 45 km aralıda olarkən əlaqə kəsilib. Hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb. Dekabrın 8-də FHN-in Aviasiya Dəstəsinin 1 ədəd vertolyotu qayıqların axtarışlarının aparılması üçün havaya qalxıb. Lakin axtarışlar nəticə verməyib. Qayıqların tapılması istiqamətində zəruri tədbirlərin görülməsi davam etdirilir.
O.M.