Azərbaycanda 07 dekabrın kriminal xronikası

Azərbaycanda 07 dekabrın kriminal xronikası

8 Dekabr 2011 13:30
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 43 cinayət faktı qeydə alınmışdır

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 43 cinayət faktı qeydə alınmış, onların da 31-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır.

10 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 33 nəfər tutulmuşdur.

Biləsuvar rayonu ərazisində rayon sakini Z.Nəciyev idarə etdiyi avtomaşınla həmyerlisi H.Əliyevi vurmuşdur

07.12.2011

Dekabrın 7-də saat 10.15 radələrində Biləsuvar rayonu ərazisində rayon sakini Ziya Nəciyev idarə etdiyi "Mercedes-190" markalı avtomaşınla həmyerlisi Hikmət Əliyevi vurmuşdur. Nəticədə H.Əliyev aldığı xəsarətdən hadisə yerində ölmüşdür.
Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.

Masallı rayonunun Boradigah qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

07.12.2011

Dekabrın 7-də saat 20.45 radələrində Masallı rayonunun Boradigah qəsəbəsi ərazisində rayon sakini Üzeyir Həsənov idarə etdiyi "VAZ-2107" markalı avtomaşını yolun kənarındakı elektrik dirəyinə vurmuşdur. Nəticədə Ü.Həsənov aldığı xəsarətdən hadisə yerində ölmüş, xəsarət almış sərnişini Zamir Əliyev isə xəstəxanaya yerləşdirilmişdir.
Masallı RPŞ tərəfindən araşdırma aparılır.

Sentyabrın 9-da sərnişin qatarında Qazax rayon sakini R.Mehdiyevin mobil telefonunu oğurlamış qatarın bələdçisi A.Hüseynov tutulmuşdur

07.12.2011

Cari il sentyabr ayının 9-da Böyük Kəsik-Bakı sərnişin qatarında Qazax rayon sakini Rauf Mehdiyevə məxsus mobil telefon oğurlanmışdır. DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin qatarın bələdçisi, Bakı şəhər sakini Asif Hüseynov tutulmuşdur.

Dekabrın 5-də Bakı şəhəri ərazisində F.Hacıyevanın xəsarət alması ilə nəticələnən YNH-ni törətmiş İ.Xasamov tutulmuşdur

07.12.2011

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 5-də Füruzə Hacıyevanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin "Toyota" markalı avtomaşının sürücüsü, Bakı şəhər sakini İlyas Xasamov tərəfindən törədilməsi müəyyən edilmiş və o, tutulmuşdur.

Nəsimi rayonu ərazisində Z.Mövlayevə məxsus avtomaşından oğurluğa cəhd göstərmiş Sumqayıt şəhər sakini A.Hüseynov Nəsimi RPİ 22-ci PB əməkdaşları tərəfindən tutulmuşdur

07.12.2011

Dekabrın 7-də Nəsimi rayonu ərazisində Ziyad Mövlayevə məxsus "VAZ-2107" markalı avtomaşından şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərmiş Sumqayıt şəhər sakini Adil Hüseynov Nəsimi RPİ 22-ci PB əməkdaşları tərəfindən tutulmuşdur. Ondan 1,021 qram heroin götürülmüşdür.

Dekabrın 3-də Bakı şəhər sakini E.Bəkirovu döyərək ondan pul və danışıq kartlarını almaqda şübhəli bilinən Şərur rayon sakini P.Hümbətov tutulmuşdur

07.12.2011

Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 3-də Emin Bəkirovu döyərək ondan 300 manat pul və 270 manat dəyərində danışıq kartlarını almaqda şübhəli bilinən Şərur rayon sakini Pərviz Hümbətov tutulmuşdur.

Dekabrın 6-da Biləsuvar rayon sakini E.Səlifova məxsus 47 ədəd ev quşunu oğurlamaqda şübhəli bilinən E.Səlimov tutulmuşdur

07.12.2011

Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-da Elçin Səlifova məxsus yardımçı təsərrüfatdan 47 ədəd ev quşunu oğurlamaqda şübhəli bilinən rayon sakini Elçin Səlimov tutulmuşdur.

Dekabrın 5-də Hacıqabul rayon sakini İ.Ağayevə məxsus 3 baş qoyunu oğurlamaqda şübhəli bilinən R.Manafov tutulmuşdur

07.12.2011

Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 5-də İnqilab Ağayevə məxsus 3 baş qoyunu oğurlamaqda şübhəli bilinən rayon sakini Rahil Manafov tutulmuşdur.

Ağstafa rayon sakini A.İsgəndərovanın evindən oğurluq etmiş R.Muradov tutulmuşdur

07.12.2011

Dekabrın 5-də Ağstafa rayonunun Köçəsgər kənd sakini Aynurə İsgəndərovanın evindən açıq qalmış qapıdan girmək yolu ilə geyim əşyaları oğurlanmışdır.
Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun həmin kənd sakini Roman Muradov tərəfindən törədilməsi müəyyən edilmiş və o, tutulmuşdur.

Lənkəran rayonu ərazisində hərbi sursat tapılmışdır

07.12.2011

Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən Kənarmeşə kəndi ərazisindən 2 ədəd F-1 qumbarası, 1 ədəd istifadəyə yararsız "PK" pulemyotu və 126 ədəd patron tapılmışdır.

Ağcabədi rayon sakini E.Məmmədovun evindən oğurluğa cəhd göstərmiş S.Nuriyev tutulmuşdur

07.12.2011

Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-da Elşən Məmmədovun evindən oğurluğa cəhd göstərmiş rayon sakini Sənan Nuriyev tutulmuşdur.
S.Nuriyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun, Könül Şirinovanın evindən 1000 dollar, 150 manat və 1 ədəd kompüter, Etibar Məmmədovun evindən 20 manat, 1 ədəd mobil telefon və qızıl əşyaları və cari ilin noyabr ayının 20-dən dekabr ayının 7-dək olan müddət ərzində rayon sakini Sofiya Tağıyevanın evindən 1 ədəd DVD oğurlaması müəyyən edilmişdir.

Gəncə şəhər sakini R.Kazımovun 2009-cu il ərzində bir qrup vətəndaşın etimadlarını qazanaraq onlardan pul alması faktları ilə bağlı cinayət işi başlanmışdır

07.12.2011

2009-cu ilin avqust ayında Gəncə şəhər sakini Rahil Kazımov Mingəçevir şəhər sakini Qəzənfər Hümbətovun etimadını qazanaraq ondan 1.000 manat almışdır. Mingəçevir RPŞ əməkdaşları tərəfindən R.Kazımovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun, 2009-cu ilin avqust-sentyabr ayları ərzində şəhər sakinləri Arzu Rəhimovanın, Yaşar Həsənovun və Oğuz rayon sakini Qaçay Həsənovun etimadlarını qazanaraq onlardan müvafiq olaraq 850, 670 və 850 manat alması da müəyyən edilmişdir.
Faktlarla bağlı cinayət işi başlanmışdır.

Mingəçevir şəhər sakini A.Musayevin Yevlax rayon sakini F.Novruzovun etimadını qazanaraq ondan pul alması faktı ilə bağlı cinayət işi başlanmışdır

07.12.2011

2008-ci il noyabr ayının 29-da Mingəçevir şəhərinin ərazisində şəhər sakini Anar Musayev Yevlax rayon sakini Firdovsi Novruzovun etimadını qazanaraq ondan 9.000 dollar almışdır.
Faktla bağlı Mingəçevir ŞPŞ-də cinayət işi başlanmışdır.

Dələduzluq etmiş F.Güləliyevin Salyan rayon sakini X.Zeynalovanın etimadını qazanaraq ondan 6.000 manat alması müəyyən edilmişdir

07.12.2011

Salyan RPŞ əməkdaşları tərəfindən noyabrın 4-də Afət İsmayılova qarşı dələduzluq etmiş Faiq Güləliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Yenikənd kənd sakini Xalidə Zeynalovanın etimadını qazanaraq ondan da 6.000 manat alması müəyyən edilmişdir.
Faktla bağlı RPŞ-də cinayət işi başlanmışdır.

Novxanı bağlar yaşayış sahəsində yaşayan T.Hüseynova dərmandan zəhərlənərək ölmüşdür

07.12.2011

Dekabrın 7-də Novxanı bağlar yaşayış sahəsində tikilmiş evlərdən birində yaşayan Turac Hüseynova evində dərmandan zəhərlənərək ölmüşdür.

Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yol-nəqliyyat hadisəsi

07.12.2011

Dekabrın 7-də Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində 182 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı avtobusu idarə edən sürücü (sürücü hadisə yerindən qaçmışdır) onu istifadədə edilməyən qaz borusuna vurmuşdur. Nəticədə qaz borusu qırılaraq yolun kənarında dayanmış Bakı şəhər sakinləri Rizvan Cəfərliyə məxsus "Ford" markalı, Rəsul Məmmədova məxsus "VAZ-2106" markalı və Əhəd Səmədova məxsus "KİA" markalı avtomaşınların üstünə düşmüşdür. Avtomaşınlara qismən ziyan dəymiş, xəsarət alan olmamışdır.
Binəqədi RPİ 7-ci PB-də araşdırma aparılır.

8 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanalara gətirilmişdir

07.12.2011

Dekabrın 7-də Sumqayıt şəhər sakinləri Ziba Ağayeva, Yunis Yusubov, Əfsanə Məmmədəliyeva və qızı Aysu, Gəncə şəhər sakinləri Jalə Nəsibova, Cavad Bağırov, dekabrın 8-də Novxanı bağlar yaşayış sahəsindəki evlərdən birində yaşayan Günay Allahverdiyeva, Sumqayıt şəhər sakini Sürəyya Həsənova mənzillərindən dəm qazından zəhərlənmə diaqnozları ilə xəstəxanalara gətirilmişlər.

Lənkəran şəhər sakini E.Əzimov narkotik vasitə qəbul etmiş və ölmüşdür

07.12.2011

Dekabrın 7-də Lənkəran şəhərində yaşayan İdris Həsənovun həyətində şəhər sakini Eldəniz Əzimov narkotik vasitə qəbul etmiş və ölmüşdür.

Sabirabad rayon sakini E.Niftəliyevin dələduzluq əməli ilə bağlı RPŞ-yə ərizə daxil olmuşdur

07.12.2011

Dekabrın 7-də Sabirabad şəhər sakini Seymur Ağayev RPŞ-yə ərizə ilə müraciət edərək cari ilin sentyabr ayında rayon sakini Elxan Niftəliyevin "Nicat Yolu" qəzetinə müxbir düzəldəcəyi adı ilə ondan 500 manat almasını və ona saxta vəsiqə verməsini bildirmişdir.
Sabirabad RPŞ-də araşdırma aparılır.

Həyat bir dənizdir. Qanun-qayda ilə üzə bilməyən mütləq boğulur...

Sərvər Aslanov

O.M.