
Hüquq müdafiəçisi İntiqam Əliyev İstanbulun Atatürk Hava Limanını məhkəməyə verəcək
Dekabrın 7-də Türkiyənin İstanbul şəhərində polis əməkdaşları tərəfindən saxlanılan Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri, hüququ müdafiəçisi İntiqam Əliyev Azərbaycana deportasiya olunub. Bu barədə APA-ya İntiqam Əliyev şəxsən məlumat verib.
Hüquq müdafiəçisi dünən axşam saatlarında Azərbaycana deportasiya olunduğunu
deyib: "Mən orada saxlanılmağım və deportasiya olunmağımla bağlı hər hansı
sənəd almamışam. Mənə sənəd verməkdən imtina elədilər".
İ.Əliyev İstanbul Hava Limanında xarici vətəndaşlarla iş üzrə şöbənin
əməkdaşları tərəfindən döyüldüyünü və təhqir olunduğunu bildirib: "Onlar mənim
əllərimə qandal vuraraq polis otağına apardılar. Orda isə məni döydülər.
Hazırda başımda, qulağımda və dodağımda döyülmənin izləri var". İ.Əliyev
baş verənlərin səbəbini bilmədiyini deyib: "Gömrük şöbəsində mənimlə kobud
rəftar edirdilər. Mən də buna etiraz etdim. Buna görə təzyiq elədilər. Bütün
baş verənlərlə bağlı İstanbul Atatürk Hava Limanını məhkəməyə verəcəyəm".
Qeyd edək ki, ötən gün Vilnüsdəki beynəlxalq tədbirdən Azərbaycana qayıdan
İntiqam Əliyev İstanbul Hava Limanında saxlanılıb və deportasiya olunub.
O.M.