
Avropa Məhkəməsi Azərbaycan hökumətini cərimə etdi
İnsan Haqları üzrə Avropa Məhkəməsi "Azpetrol" şirkətinin sabiq rəhbəri Rafiq Əliyevin şikayəti əsasında çıxardığı qərarı açıqlayıb. İnsan Haqları üzrə Avropa Konvensiyanın bir neçə maddəsinin pozulduğu qənaətinə gələn məhkəmə qərara alıb ki, Azərbaycan hökuməti Rafiq Əliyevə mənəvi ziyanın kompensasiyası qismində 7 min, xərclərə görə isə 25 min avro ödəməlidir.
İnsan Haqları üzrə Avropa Məhkəməsi R.Əliyevin Bakıdakı
məhkəmə prosesindən öncə saxlanılma müddətinin pozuntularla müşayiət olunduğu,
daha sonra isə onun apellyasiya vəsatətlərinə düzgün baxılmadığı rəyinə gəlib.
Qərarda deyilir ki, bu, yekun hökm deyil və tərəflər üç ay ərzində
şikayətlərini Məhkəmənin Böyük Palatasına təqdim edə bilərlər.
Xatırladaq ki, Əliyev 2005-ci ilin oktyabr ayında Bakı
hava limanında 30 min ABŞ dolları keçirərkən saxlanılıb. Rafiq Əliyev vergidən
yayınma, mənimsəmə, yanacaq qaçaqmalçılığı və digər əməllərdə təqsirli
bilinərək 2007-ci ilin oktyabrında 9 il müddətinə azadlıqdan məhrum edilib.
Şikayət ərizəsində Rafiq Əliyev iddia edib ki, onun
saxlanılması, həbsi və mühakimə edilməsi dövlət çevrilişi cəhdində ittiham
edilmiş qardaşı, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin tutulması ilə
əlaqədardır. Rafiq Əliyev iddia edib ki, saxlanılması və həbsi qanuna zidd
olub.
O.M.