
Azərbaycanda 06 dekabrın kriminal xronikası
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 42 cinayət faktı qeydə alınmış, onların da 22-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 5 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər isə yaralanmışdır.
8 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 19 nəfər tutulmuşdur.
Nəsimi rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Lerik rayon sakini Q.Ağayev vurulmuşdur
06.12.2011
Dekabrın 6-da saat 19.00 radələrində Nəsimi rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Lerik rayon sakini Qismət Ağayev vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Qazax rayon sakini N.Qurbanovaya məxsus yardımçı təsərrüfatda yanğın baş vermişdir
06.12.2011
Dekabrın 6-da saat 08.30 radələrində Qazax rayonunun Ürkməzli kənd sakini Nisə Qurbanovaya məxsus yardımçı təsərrüfatda yanğın baş vermişdir. Nəticədə bütövlükdə yardımçı təsərrüfatın yanar konstruksiyaları yanmış, xəsarət almış N.Qurbanova xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.
Oktyabr ayında Bakı şəhər sakinləri E.Məmmədovun və D.Baxışovanın mənzillərindən oğurluq etmiş Bakı şəhər sakini E.Nəcəfov tutulmuşdur
06.12.2011
Nizami (Bakı) RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 11-də Elnur Məmmədovun evindən 1250 avro 100 manat pul və mobil telefon, oktyabrın 19-da Dilavər Baxışovanın mənzilindən isə mobil telefon və qızıl əşyaları oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan Nəcəfov tutulmuşdur.
Xırdalan şəhəri ərazisində M.Həmidovaya məxsus "Mazda" markalı avtomaşını qaçırmış Ə.Xanlarov tutulmuşdur
06.12.2011
Dekabrın 6-da Xırdalan şəhəri ərazisində, şəhər sakini Məhəbbət Həmidovaya məxsus "Mazda" markalı avtomaşın qaçırılmışdır. Hadisəni törətmiş Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Xanlarov Yasamal rayonu ərazisində RPİ-nin və Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur.
Sumqayıt şəhər sakini S.Əliyevə məxsus köşkdən oğurluğa cəhd göstərmiş A.Məmmədov tutulmuşdur
06.12.2011
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-na keçən gecə Sumqayıt şəhər sakini Sədafər Əliyevə məxsus köşkdən oğurluğa cəhd göstərmiş Anar Məmmədov tutulmuşdur.
Lənkəran şəhərində yaşayan T.Təhməzovanın evindən oğurluq etmiş şəxslər saxlanılmışlar
06.12.2011
Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-da Lənkəran şəhərində yaşayan Təranə Təhməzovanın evindən 600 manat pul oğurlamış onun evində kirayədə yaşayan Zərdab rayon sakini İlkin Namazov, Yardımlı rayon sakini Elcan Rəcili və Cəlilabad rayon sakini Azad Sayılzadə saxlanılmışlar.
Gəncə şəhər sakini V.Əliyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış E.Səfərov tutulmuşdur
06.12.2011
Kəpəz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində dekabrın 5-də Vüsal Əliyevə bıçaqla xəsarət yetirib hadisə yerindən
qaçmış Gəncə şəhər sakini Elcan Səfərov tutulmuşdur.
Noyabrın 4-də Şəki rayon sakini O.Salamova məxsus qoyunları oğurlamış S.Məmmədov tutulmuşdur
06.12.2011
Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-də Oruc Salamova məxsus 6 baş qoyunu oğurlamış Kiçik Dəhnə kənd sakini Səbuhi Məmmədov tutulmuşdur.
Yasamal rayonu ərazisində yaşayan Türkiyə vətəndaşı İ.Heydər pilləkənlərdən yıxılması nəticəsində aldığı xəsarətdən ölmüşdür
06.12.2011
Dekabrın 6-da Yasamal rayonu ərazisində kirayədə yaşayan Türkiyə vətəndaşı İldırım Heydər yaşadığı binanın pilləkənlərindən yıxılmışdır. Xəsarət almış İ.Heydər xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.
Sumqayıt şəhər sakini Ə.İbrahimov dəm qazından boğulmuşdur
06.12.2011
Dekabrın 6-da Sumqayıt şəhər sakini Ələsgər İbrahimov evində dəm qazından boğulmuşdur.
Ucar rayon sakinləri N.Nurməmmədov və arvadı odun tüstüsündən boğularaq ölmüşlər
06.12.2011
Dekabrın 6-da Ucar rayonunun Bərgüşad kənd sakinləri 76 yaşlı Nurməmməd Nurməmmədov və arvadı 75 yaşlı Püstə hamamda olarkən odun tüstüsündən boğularaq ölmüşlər.
Lənkəran rayonunun İstisu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
06.12.2011
Dekabrın 6-da saat 04.20 radələrində Lənkəran rayonunun İstisu qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla qəsəbə sakini Aqil Bənziyev vurulmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.
Kriminal xəbərlər ancaq oxuyanda maraqlı olur, iştirakçısı olanda yox...
Sərvər Aslanov
O.M.