Azərbaycanda 05 dekabrın kriminal xronikası

Azərbaycanda 05 dekabrın kriminal xronikası

6 Dekabr 2011 12:27
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 48 cinayət faktı qeydə alınmışdır

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 48 cinayət faktı qeydə alınmış, onların da 21-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 7 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır.

13 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 30 nəfər tutulmuşdur.

Bərdə rayonunun Xan-xanımlı kənd sakini Elməddin Nəcəfov münaqişə zəminində Zamiq Cabbarova küt alətlə xəsarət yetirərək qətlə yetirmişdir

05.12.2011

Dekabrın 2-də Bərdə rayonunun Xan-xanımlı kəndi ərazisində, kənd sakini Elməddin Nəcəfov münaqişə zəminində Zamiq Cabbarov küt alətlə baş nahiyəsindən xəsarət yetirmişdir. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş Z.Cabbarov dekabrın 5-də orada ölmüşdür. Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Nəcəfov tutulmuşdur.

Yardımlı rayon sakinləri Bəyanət Hüseynov, Yasəf Hüseynov və Lətifə Hüseynova yaşadıqları evdə dəm qazından zəhərlənərək ölmüşlər

05.12.2011

Dekabrın 5-də Qaradağ rayonu ərazisində kirayədə yaşayan Yardımlı rayon sakinləri Bəyanət Hüseynov, Yasəf Hüseynov və Lətifə Hüseynova yaşadıqları evdə dəm qazından zəhərlənərək ölmüşlər.

Bakı şəhər sakini Elnaz Vəliyeva dərmandan zəhərlənmişlər

05.12.2011

Dekabrın 5-də Səbail rayonu ərazisindəki ticarət mərkəzlərinin birindən orada satıcı işləyən Bakı şəhər sakini Elnaz Vəliyeva dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti ağırdır.

Suraxanı rayonu ərazisində yaşayan Fərqanə İlyasova və Sumqayıt şəhər sakini Arzu Əliyeva dəm qazından zəhərlənmişlər

05.12.2011

Dekabrın 5-də Suraxanı rayonu ərazisində yaşayan Fərqanə İlyasova və Sumqayıt şəhər sakini Arzu Əliyeva öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

Kürdəmir rayonunun Atakişili kənd sakini Rəna Zərbəliyeva və onun qızı Aygün dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər

05.12.2011

Dekabrın 5-də Kürdəmir rayonunun Atakişili kənd sakini Rəna Zərbəliyeva və onun qızı 14 yaşlı Aygün evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər. Aygün orada ölmüş, anasının vəziyyəti isə orta-ağırdır.

Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölmüşdür

05.12.2011
Dekabrın 5-də saat 10.30 radələrində Nərimanov rayonu ərazisində şəhər sakini Sevinc Rüstəmova "Mercedes" markalı avtomaşını idarə edərkən Rəna Quliyevanı vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür

Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi

05.12.2011

Dekabrın 5-də saat 16.00 radələrində Xətai rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Səfər Məmmədovun idarə etdiyi "Hyundai" markalı avtomaşın toqquşmuşdur. Xəsarət almış S.Məmmədova xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Babək rayonunun Yuxarı Buzqov kəndi ərazisində yol-nəqliyyat hadisəsi

05.12.2011

Dekabrın 4-də saat 21.00 radələrində Babək rayonunun Yuxarı Buzqov kəndi ərazisində rayon sakini Elşad Aslanov "UAZ" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölmüşdür.

Şəki rayonu ərazisində yol-nəqliyyat hadisəsi

05.12.2011

Dekabrın 5-də Şəki rayonu ərazisində şəhər sakini Teymur Əfraimov idarə etdiyi "Mazda GX-9" markalı və Balakən rayon sakini Vaqif Kərimovun idarə etdiyi "BMW" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə hər 2 sürücü və T.Əfraimovun sərnişini - bacısı Lyudmila hadisə yerində ölmüşlər.

Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

05.12.2011

Dekabrın 5-də saat 09.15 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində Bakı şəhər sakini Çingiz Kərimov "VAZ-2107" markalı avtomaşını idarə edərkən qəsəbə sakini Adil Ağayevi vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi

05.12.2011

Dekabrın 5-də saat 08.00 radələrində Nərimanov rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Firuzə Hacıyeva vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi

05.12.2011

Dekabrın 5-də saat 22.30 radələrində Xətai rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Sabir Musayev vurulmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Lənkəran şəhər sakini Asif Ağayevin idarə etdiyi avtomaşından silah aşkar edilmişdir

05.12.2011

Dekabrın 4-də Lənkəran şəhər sakini Asif Ağayevin idarə etdiyi "Mercedes" markalı avtomaşın polis əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılmışdır. Avtomaşına baxış zamanı 1 ədəd "AKS" markalı avtomat və 48 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək götürülmüşdür. Araşdırmalar aparılır.

Tovuz rayon sakini Seymur Hüseynovdan saxta 100 manatlıq əsginas götürülmüşdür

05.12.2011

Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 4-də metronun "N.Nərimanov" stansiyasında Tovuz rayon sakini Seymur Hüseynov metro kartı almaq məqsədi ilə kassaya saxta 100 manatlıq əsginas təqdim etdiyi üçün tutulmuşdur. S.Hüseynovun üzərinə baxış zamanı əlavə olaraq 1 ədəd saxta 100 manatlıq əsginas götürülmüşdür.

İlqar Mayılova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Rüstəm Abdullayev tutulmuşdur

05.12.2011

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 4-də İlqar Mayılova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Rüstəm Abdullayev tutulmuşdur.

Oğurluq etməkdə şübhəli bilinən Samux rayon Qarayeri qəsəbə sakini Səbuhi Quliyev tutulmuşdur

05.12.2011

Samux RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də Gülbahar Əhmədovanın evindən 600 manat pul, 1 ədəd DVD oğurlamış Qarayeri qəsəbə sakini Səbuhi Quliyev tutulmuşdur.

"İmamzadə" ziyarətgahına bomba qoyulması barədə vermiş məlumat təsdiqini tapmamışdır

05.12.2011

Dekabrın 5-də saat 20:11-də naməlum qadın "102 Zəng Mərkəzi"nə zəng edərək Kəpəz rayonunun Gülüstan qəsəbəsində yaşamasını və "İmamzadə" ziyarətgahına bomba qoyulması barədə məlumat vermişdir. Kəpəz RPİ tərəfindən müvafiq tədbirlər görülmüş lakin məlumat təsdiqini tapmamışdır. Araşdırmalar zamanı yalan məlumatın 14 yaşlı A. M. tərəfindən verilməsi müəyyən edilmişdir.

Cinayətkar öz azadlığına qarşı cinayət törədir...

Sərvər Aslanov

O.M.