
Xəzər RPİ-nin polis mayoru rüşvət alarkən həbs edildi
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, noyabrın 28-də vətəndaş Ramin Məmmədov Daxili İşlər Nazirliyinin "102" xidmətinə müraciət edərək yaşadığı ünvanda ikimərtəbəli evin tikintisinə görə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə müvəkkili, polis mayoru Toğrul Hüseynovun hər mərtəbə üçün ondan 1000 manat tələb etdiyini bildirib.
Daxili İşlər Nazirliyinin və Baş prokuror yanında
Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu
tərəfindən həyata keçirilmiş operativ tədbirlərlə Toğrul Hüseynov dekabrın 3-də
xidməti otağında həmin vətəndaşdan 1000 manat rüşvət alarkən yaxalanıb.
Fakta görə Baş prokuror yanında Korrupsiyaya Qarşı
Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi
ilə cinayət işi başlanaraq istintaq aparılır.
Törətdiyi əmələ görə təqsirləndirilən şəxs qismində cəlb
edilən Toğrul Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilib.
Respublikanın hüquq mühafizə orqanları tərəfindən
korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan halların qarşısının
alınması və aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.
O.M.