Azərbaycanda 01 dekabrın kriminal xronikası

Azərbaycanda 01 dekabrın kriminal xronikası

2 Dekabr 2011 12:00
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 44 cinayət faktı qeydə alınmışdır

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 44 cinayət faktı qeydə alınmış, onların da 18-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 13 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 12 nəfər isə yaralanmışdır.

9 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 22 nəfər tutulmuşdur.

Xətai rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini X.Əsgərova vurulmuşdur

01.12.2011

Dekabrın 1-də saat 07.35 radələrində Xətai rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Xanım Əsgərova vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

01.12.2011

Dekabrın 1-də saat 17.00 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini Ceyhun Fətəliyevin idarə etdiyi "Otoyol" markalı və Gədəbəy rayon sakini Turan Nəbiyevin idarə etdiyi "QAZ-3110" avtomaşınlar toqquşmuşdur. Nəticədə "Volqa"nın sürücüsü hadisə yerində ölmüşdür.

Xəzər rayonu ərazisində "VAZ-2106" və "KamAZ" markalı avtomaşınlar toqquşmuşdur

01.12.2011

Dekabrın 1-də saat 21.00 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakini Telman Əliyevin idarə etdiyi "VAZ-2106" və Abşeron rayon sakini Əliağa Mərdanovun idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə "Jiquli"nin sürücüsü hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri Zərifə Novruzova və Günel Əliyeva isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Bakının Nizami rayonu ərazisində "VAZ-2107" və "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur

01.12.2011

Dekabrın 1-də saat 23.30 radələrində Bakının Nizami rayonu ərazisində şəhər sakini Mənsur Babayevin idarə etdiyi "VAZ-2107" və Şabran rayon sakini Nuru Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə M.Babayev hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri - arvadı Elza və oğlu 7 yaşlı Elgünə isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışlar.

"Qaradağ Sement Zavodu" ASC-nin ərazisindən oğurluğa cəhd göstərmiş Lökbatan qəsəbə sakini M.Qurbanov tutulmuşdur

01.12.2011

Dekabrın 1-də "Qaradağ Sement Zavodu" ASC-nin ərazisindən 200 metr uzunluğunda elektrik kabeli və 40 metr uzunluğunda rezin borunu oğurlamağa cəhd göstərmiş Lökbatan qəsəbə sakini Məhərrəm Qurbanov Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən tutulmuş və sonrakı araşdırmalar aparılması üçün Qaradağ RPİ 38-ci PB-nə təhvil verilmişdir.

Oktyabrın 28-də R.Əfəndiyevə məxsus avtomaşını qaçırmış Bakı şəhər sakini İ.Səttarov tutulmuşdur

01.12.2011

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-də Ramil Əfəndiyevə məxsus "VAZ-2106" markalı avtomaşını qaçırmış Bakı şəhər sakini İbrahim Səttarov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Aydın adlı şəxslə birgə Feyruz Məmmədova məxsus "VAZ-21011" markalı avtomaşını qaçırmaları, Tamerlan Qurbana, Xəyal İmamverdiyevə və Pərviz Əliyarova məxsus avtomaşınlardan oğurluq etmələri, habelə Şahin Nəbiyevə, Ruslan Abdullayevə, Telman Yolçuyevə və Ramiz Novruzova məxsus avtomaşınların şüşələrini sındırmaları da müəyyən edilmişdir.

Noyabrın 30-da M.Məcidovu bıçaqla qətlə yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini F.Babayev tutulmuşdur

01.12.2011

Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 30-da Mərhəmət Məcidovu bıçaqla qətlə yetirib hadisə yerindən qaçmış şəhər sakini Fuad Babayev tutulmuşdur.

Noyabrın 15-də bir neçə vətəndaşa qarşı soyğunçuluq etmiş Bakı şəhər sakini R.Dadaşov tutulmuşdur

01.12.2011

Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsindən noyabrın 15-də Cəlil Qafarlıya, Fərhad Əhmədova və Fəhri Ələkbərliyə qarşı soyğunçuluq etmiş şəhər sakini Ruslan Dadaşov tutulmuşdur.

Paytaxt şəhər sakini Z.Axundovdan tapança və patronlar götürülmüşdür

01.12.2011

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Zahid Axundovdan 1 ədəd "Makarov" markalı tapança və 2 ədəd patron götürülmüşdür.

Goranboy rayon sakini A.Həbibovun evindən oğurluq etmiş Yevlax rayon sakini Ş.Bəkirov tutulmuşdur

01.12.2011

Cari il oktyabrın 5-də, Goranboy rayonunun Safıkürd kənd sakini Arif Həbibovun evindən naməlum şəraitdə qızıl əşyaları oğurlanmışdır. Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Yevlax rayon sakini Şahin Bəkirov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun noyabrın 19-u Araz Əliyevin evindən 730 manat pul və qızıl əşyaları oğurlaması da müəyyən edilmişdir.

Bakı şəhərinin Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi

01.12.2011

Dekabrın 1-də saat 08.00 radələrində Bakı şəhəri Nizami rayonu ərazisində Aqşin Abdullayev "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu yolu kənarında dayanmış şəhər sakini Elşən Əsədovun idarə etdiyi "İsuzu" markalı avtobusa vurmuşdur. Nəticədə "Jiquli"dəki sərnişin Anar Hacıyev hadisə yerində ölmüş, xəsarət almış sürücü və digər sərnişinləri Elvir Həsənov və Nicat Əkbərov isə xəstəxanaya yerləşdirilmişlər.

Gəncə şəhəri ərazisində "VAZ-21074" və "Volvo" markalı avtomaşınlar toqquşmuşdur

01.12.2011

Dekabrın 2-də saat 01.00 radələrində Gəncə şəhəri ərazisində, şəhər sakini Rüstəm Quliyevin idarə etdiyi "VAZ-21074" və Türkiyə vətəndaşı Zafer Pektaşın idarə etdiyi "Volvo" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə, R.Quliyev hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri Fəridə Əsgərova, Əsgər Süleymanov və İslam Əmirzadə isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

4 nəfər dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir

01.12.2011

Dekabrın 2-də Abşeron rayonunun Mehdiabad qəsəbə sakini Sara Əliyeva, dekabrın 1-də Gəncə şəhər sakini Nəsimi Adıgözəlov, Abşeron rayonunun Saray qəsəbə sakini Hikmət Məmmədov, Sumqayıt şəhər sakini Kəmalə İdrisova öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

Qanun onu sevənlərin etibarlı mühafizəçisidir...

Sərvər Aslanov

O.M.