
Rusiyada kütləvi davada azərbaycanlılar xəsarət aldılar
İrkutsk şəhər Polis İdarəsinin 5 əməkdaşı töhmət aldı. Belə ki, onlar "Oskar" kafesindən daxil olan operativ siqnala vaxtında reaksiya vermədikləri üçün davanın kütləviləşməsinə səbəb oldular.
28 noyabrdan 29 noyabra keçən gecə, hadisə günü kafe işçiləri polisin gəlişini düz 40 dəqiqə gözlədilər. Həmin vaxtda artıq dava iştirakçıları aradan çıxmışdılar. Onlar sonradan həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ələ keçdilər. Hətta biri hələ də axtarışdadır.
Rusiyanın "Комсомольская правда" qəzetinin məlumatına görə, İrkutskun "Oskar" kafesində iki sərxoş müştəri mübahisə etməyə başladı. Sonradan onlara tərəfdarları qoşuldular. Bıçaq davası başladı və tezliklə odlu silahdan atışmaya çevrildi. Nəticədə, 12 nəfər xəsarət aldı. Yaralı azərbaycanlılar, ruslar, ermənilər xəstəxanaya çatdırıldılar. Faktla bağlı Rusiya Federasiyası İstintaq Komitəsində cinayət işi açılıb.
O.M.