Ağstafada yol qəzasında bir ailənin altı üzvü öldü, ikisi yaralandı

Ağstafada yol qəzasında bir ailənin altı üzvü öldü, ikisi yaralandı

1 Dekabr 2011 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Ağstafa Rayon Polis Şöbəsindən verilən məlumata görə, Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində dəhşətli yol qəzası nəticəsində 6 nəfər ölüb, 2 nəfər ağır yaralanıb. Hadisə noyabrın 30-da Bakı-Qazax yolunun 450-ci kilometrliyində qeydə alınıb. Ağstafa rayon Qırılı kənd sakini, 44 yaşlı Xaliq Aslanovun idarə etdiyi "VAZ 21011" markalı avtomobil Türkiyə Respublikası Hopa şəhəri Başoba kənd sakini, 30 yaşlı Yazıçı Yakup Zulkif oğlunun idarə etdiyi "Mercedes-Benz" markalı, TIR yük avtomobili ilə toqquşub.

Nəticədə "VAZ-21011" markalı avtomobildə olan bir ailənin altı üzvü - sürücüsü Xaliq Aslanov, 1929-cu il təvəllüdlü Aslanova Gülüzar Ələz qızı, 1958-ci il təvəllüdlü Elza Aslanova, 2000-ci il təvəllüdlü Aslanova Mətanət Xaliq qızı, 2004-cü il təvəllüdlü Aslanov Emin Xaliq oğlu, 2009-cu il təvəllüdlü Aslanov Teymur Xaliq oğlu hadisə yerində ölüblər. Avtomobildə olan digər sərnişinlər - 1981-ci il təvəllüdlü Xatirə Aslanova və 1986-cı il təvəllüdlü Aynurə Aslanova müxtəlif xəsarətlərlə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. "Mercedes Benz"-in sürücüsü isə qəzadan sonra hadisə yerindən qaçıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xatırladaq ki, Aslanovlar ailəsi toydan qayıdırdı.

O.M.