"İmam Xomeyni" məscidinin axundu həbs olundu

"İmam Xomeyni" məscidinin axundu həbs olundu

28 Noyabr 2011 15:19
Bəyəndim (0) Bəyənmədim (0)

Bülbülə qəsəbəsində fəaliyyət göstərən "İmam Xomeyni" məscidinin icma rəhbəri Hacı Məsim Novruzov həbs olunub. Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M.Novruzov 2 il müddətinə azadlıqdan məhrum edilib. Birinci məhkəmə instansiyasının hökmündən verilən apellyasiya şikayəti isə baxılması üçün hakim Həsən Əhmədovun icraatına verilib. İttihama görə, Məsim Dəmir oğlu Novruzov Cinayət Məcəlləsinin 213.1-ci (xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) və 310-cu (özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə) maddələri ilə təqsirləndirilib. Qeyd edək ki, həbs olunan M. Novruzov "Cəfəri" heyətinin rəhbəri Hacı Abgül Süleymanovun və "İslam-azeri.az" internet qəzetinin baş redaktoru Ramin Bayramovun qayınatasıdır. A. Süleymanov və R. Bayramov isə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində həbs olunub. Adıçəkilən şəxslər Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda, xarici dövlətə və onun nümayəndələrinə kömək etməkdə, eləcə də ölkədə iğtişaşların törədilməsində, ictimai təhlükəsizliyin pozulmasında, insanların itaətsizliyə təhrik edilməsində şübhəli bilinir. Keçirilmiş baxışlar nəticəsində hər iki şəxsdən narkotik maddələr aşkarlanaraq götürülüb.

O.M.