
Hacı Firudinin yaxın qohumları onun müəmmalı ölümü barədə danışdılar
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Nəzarət Təftiş Komissiyasının sədri, Bakı İslam Universitetinin şəriət fakültəsinin dekanı Firudin Məmmədovun müəmmalı ölümü ilə bağlı ən müxtəlif mənbələrdən ziddiyyətli məlumatlar daxil olmaqdadır. Məsələyə aydınlıq gətirmək üçün dünən "Yeni Müsavat " qəzetinin əməkdaşı F.Məmmədovun yaxın qohumları ilə görüşdü.
Mərhumun qardaşı Sabir Məmmədov deyib
ki, polis və prokurorluğun yaydığı məlumatlar həqiqət deyil: "Hacı Firudin bir
çox xəstəxanalarda müalicə olunub. Onun ürək və qaraciyərində problemləri
vardı, qan damarlarında da tromblar əmələ gəlirdi. Anamız da məhz tromblaşma
xəstəliyindən vəfat etmişdi. Barəsində yazılanlar həqiqət deyil. Din adamı olan
bir şəxs böyük günah sayılan əməl edərdimi? Onun qollarını doğraması həqiqət
deyil. Tromblaşma ilə əlaqədar Hacı Firudinin qollarında, çiyinlərində,
ayaqlarında şiş əmələ gəlmişdi. Qolundakı şişlərdən biri partlayıb".
S.Məmmədov deyib ki, hadisə günü qardaşının vəziyyəti yaxşı olmayıb: "O gün onu
liftdən düşəndə qonşu görüb. Hal-əhvalını soruşub. Firudin də deyib ki,
səhhətində bir az problem var. Yəni bunu biz bilmirdik. Onun meyitinə özüm
baxmışam. Qollarında ülgüc izi yox idi. Polis də, prokurorluq da yalan deyir.
Onun qolundakı damar partlayıb. Onun qolunu görən elə düşünər ki, bu,
intihardır. Verilən rəy də düzgün deyil. Firudin çox sakit, təmkinli adam idi.
Onun özünə qəsd etməsi yalandır. Məlumat verilib ki, hadisə 23:45-də olub.
Əslində isə o vaxt biz onu Göy məsciddə pak edirdik. Yazırlar ki, Firudin sükan
arxasında olub. Əslində, Firudin ömrü boyu maşın sürə bilməyib. O gün də dostu
Malik Məmmədovla bir yerdə olublar. Yanlarında da başqa bir tələbə də olub. O
tələbələri ilə müəllim-tələbə kimi yox, bir dost-qardaş kimi davranırdı. Malik
və Mehdi onun həm tələbələri, həm də dostları idi. Onun maşında ağrıları
başlayanda tələbələrinə deyib ki, maşından düşsünlər. Onlar da düşüb. Maşından
onları heç bir telefon-filan söhbətinə görə düşürməyib. O, evdən çıxanda heç
telefonunu da götürməyibmiş. Onun polisdə döyülməsi və digər yayılan
söhbətlərin hamısı yalan söhbətlərdir".
F.Məmmədovun oğlu Zamir Məmmədov da əmisinin dediklərini təsdiqlədi:
"Qollarındakı tromblar ağrı verirdi. Biz ovxalayırdıq, ağrısı keçirdi. Özü də
həmişə deyirdi ki, indi tromb partlayacaq. Bir dəfə ayağında da tromb
partlamışdı. Əmim onun partlayan damarını əli ilə tutmuş və həkimə qədər ilkin
tibbi yardım göstərmişdi. Uzun illər xəstəlikdən əziyyət çəkirdi".
Mərhumun yas məclisinə çoxsaylı tələbələri ilə yanaşı İslam Universitetinin
rektoru Hacı Sabir Həsənli də qatılmışdı. Məclisdə Hacı Allahşükür Paşazadə
gözə dəymirdi. S.Həsənli dedi ki, F.Məmmədovun ölümü ilə bağlı yayılan xəbərlər
düz deyil. O, tələbələri vicdanlarının səsinə qulaq asıb yayılan məlumatlara
inanmamağa çağırdı. Dedi ki, məclisə qatılmazdan əvvəl QMİ sədri ilə danışıb:
"Şeyx həzrətləri onun adından Firudin müəllimin ailəsinə başsağlığı verməyimi
istədi".
F.Məmmədovun oğlu atasının müalicə edildiyi bir çox xəstəxanaların rəylərini,
həkim məsləhətləri barədə arayışları da bizə təqdim etdi. Qeyd edək ki,
F.Məmmədov əslən Gürcüstanın Abdallı kəndindən olduğundan onu həmin kəndin
qəbiristanlığında torpağa tapşırıblar.
Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər vermişdik ki, F.Məmmədovun
ölümü ilə bağlı Xətai Rayon Prokurorluğunda CM-in özünü öldürmə həddinə
çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
O.M.