
Ombudsman İstintaq və müvəqqəti saxlanma təcridxanalarına baş çəkib
İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və onun MPM qrupunun üzvləri azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerlərində, o cümlədən penitensiar müəssisələr, müvəqqəti saxlama təcridxanaları (MST), psixiatriya xəstəxanaları və müvafiq sosial obyektlərdə müntəzəm olaraq planlı monitorinqlər aparır, qısa və uzunmüddətli başçəkmələri davam etdirirlər.
Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata
görə, Ombudsman MPM qrupunun üzvləri olan Gəncə Regional Mərkəzinin əməkdaşları
ilə birgə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin bu şəhərdəki 2 saylı
İstintaq Təcridxanasına başçəkmə həyata keçirib. O, bu təcridxanada bir sıra
saxlanılan şəxsi, o cümlədən uşaqları qəbul edib, təkbətək söhbət aparıb,
onlara hüquqlarını izah edib. Söhbət zamanı həmin şəxslər saxlanma şəraitindən
və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyiblər. Eyni
zamanda tutularkən Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsində
(RPİ) və Şəmkir RPŞ-də baş vermiş kobud rəftardan, habelə barələrində aparılan
istintaqdan narazılığını bildirən olub. Ombudsman Gəncə Şəhər Baş Polis
İdarəsinin rəisi ilə görüşüb, Müvəkkilin Gəncə regional mərkəzinin
nümayəndələrinin polis əməkdaşları ilə birgə qeyd olunan məsələnin
araşdırılmasını tapşırıb.
Müvəkkil həmçinin MPM qrupunun üzvləri olan Gəncə və Şəki
regional mərkəzlərinin əməkdaşları ilə birgə müvafiq olaraq, Gəncə Şəhər Baş
Polis İdarəsi və Şəki RPŞ-nin MST-lərinə baxış keçirib. Baxış zamanı saxlanılan
şəxslərlə təkbətək söhbət aparılıb, onlara hüquqları izah olunub, saxlanılmanın
qanuniliyini təsdiq edən sənədlər yoxlanılıb. Habelə MPM barədə ətraflı məlumat
verilib, saxlanma şəraitinin müvafiq normalara uyğunluğu, həmin şəxslərin
vəkillə təmin olunması, hər hansı kobud rəftara məruz qalıb-qalmamağı, tibbi
yardımın göstərilməsi, saxlanma şəraiti ilə əlaqədar kameraların normal
işıqlanma və ventilyasiyası, ibadət otağının olması, gündəlik isti yeməyin
verilməsi, gigiyena tələblərinə riayət edilməsi vəziyyəti yoxlanılıb. Söhbət
aparılmış şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları
tərəfindən onlara qarşı rəftardan narazılıq bildirməyiblər. Ombudsman baxış
keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da
təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.
İnsanın ən əsas hüququ insan kimi yaşamaq hüququdur...
Hafiz Əhmədov
O.M.