Azərbaycanda 30 oktyabrın kriminal xronikası

Azərbaycanda 30 oktyabrın kriminal xronikası

31 Oktyabr 2011 12:30
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 47 cinayət faktı qeydə alınmışdır

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 47 cinayət faktı qeydə alınmış, onların da 10-u "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 14 nəfər isə yaralanmışdır.

3 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 14 nəfər tutulmuşdur.

Beyləqan rayonunun Şərq qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

30.10.2011

Oktyabrın 30-da saat 17.30 radələrində Beyləqan rayonunun Şərq qəsəbəsi ərazisində rayon sakini Cabbar Cabbarovun idarə etdiyi "Ford-Tranzit" və Lənkəran rayon sakini İltifat Şuşayevin idarə etdiyi "VAZ-21043" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə İ.Şuşayev və sərnişinlərindən Fəxrəddin Nəsirov və Rəfiqə Nəsirova hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

30.10.2011

Oktyabrın 30-da saat 16.00 radələrində Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində Yemişənli kənd sakini Füzuli Şərifovun idarə etdiyi "QAZ-3110" və Oğuz rayon sakini. İlqar Zakirovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə "Mercedes"in sürücüsü hadisə yerində ölmüş, xəsarət almış sərnişini - oğlu Sənan, habelə F.Şərifov və onun sərnişini - arvadı Sara xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

30.10.2011

Oktyabrın 30-da saat 17.20 radələrində Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Aydın Səmədovu vurulmuşdur. Xəsarət almış piyada xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi

30.10.2011

Oktyabrın 30-da saat 20.00 radələrində Nəsimi rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Meyransa Abdullayeva vurulmuşdur. Xəsarət almış piyada xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Oğurluq etmiş Bakı şəhər sakini Ceyhun Əhmədovdan 0,242 qram heroin götürülmüşdür

30.10.2011

Oktyabrın 30-da Nərimanov rayonu ərazisində şəhər sakini Şəmsəddin Əliyevə məxsus "VAZ-2107" markalı avtomaşından maqnitofonu sökülərək oğurlanmışdır. Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Əhmədov tutulmuş və ondan 0,242 qram heroin götürülmüşdür.

Mağazadan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Taleh Mənsimov tutulmuşdur

30.10.2011

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyat keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ruslan Hüseynova məxsus mağazadan pəncərədən girmək yolu ilə 13 ədəd noutbuk, 15 ədəd DVD, danışıq və internet kartları oğurlamış şəhər sakini Taleh Mənsimov tutulmuşdur.

Elçin Qafarova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Kamal Cəbrayılov tutulmuşdur

30.10.2011

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyat keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da Elçin Qafarova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Kamal Cəbrayılov tutulmuşdur.

16 baş qoyunu oğurlamış Ruslan Əliyev tutulmuşdur

30.10.2011

İmişli RPŞ əməkdaşlarının həyat keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da Eldəniz Şahbazova məxsus 16 baş qoyunu oğurlamış Ruslan Əliyev tutulmuşdur.

Ehtiyatsızlıqdan ov tüfəngindən açılan atəşdən Balakən rayonunun İtitala kənd sakini Novruz Mustafayev və Xəlisət Qurbanova yüngül xəsarət almışlar

30.10.2011

Oktyabrın 30-da saat 18.00 radələrində Balakən rayonunun İtitala kəndi ərazisində keçirilən toy məclisində bəyin qardaşı Cəlal Mustafayev ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən bəy Novruz və gəlin Xəlisət Qurbanova yüngül xəsarət almışlar. Balakən RPŞ əməkdaşları C.Mustafayevdən 1 ədəd ov tüfəngi götürülmüşdür.

Qanun düzgün bir yoldur. Onun kənarlarında dərin cinayət sıldırımları olur. Odur ki, hər zaman diqqətli olun...

Sərvər Aslanov

O.M.