
Gəncədə kürəkən qayınanasını qətlə yetirdi
"Oğlumun üzündə qorxu hissi vardı. Onu elə görəndə anama nəsə olmasından şübhələndim. Çarpayıya yaxınlaşıb yorğanı qaldıranda gözlərimə inanmadım. Anam al-qan içərisində idi".
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 1973-cü il təvəllüdlü Gəncə şəhər sakini Həsənov Rövşən Firudin oğlunun məhkəmə istintaqı başa çatıb.
Məhkəmə yolu ilə müəyyən edilib ki, Rövşən Həsənov 18 iyun 2010-cu ildə gecə saat 02:00 radələrində yaşadığı mənzildə qayınanası Sinəxanımla mübahisə edib. Mübahisə zamanı qayınanasının onun ünvanına söyüşlər söyməsindən əsəbiləşən R.Həsənov bıçağa əl atıb. 12 yaşlı oğlunun otaqda olmasına baxmayaraq Sinəxanıma bədəninin müxtəlif nahiyələrindən bıçaqla zərbələr endirib. Aldığı xəsarətlərdən qadın hadisə yerindəcə dünyasını dəyişib.
"Qayınanam məni oğurluqda günahlandırırdı"
Təqsirləndirilən şəxs qismində dindirilən Rövşən Həsənov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində 2009-cu ilin sentyabr ayından etibarən ailə üzvləri ilə birlikdə qayınanasına məxsus evdə yaşadıqlarını, sonuncu ilə münasibətlərinin normal olduğunu göstərib: "Qayınanamla münasibətim həmişə yaxşı olub. Lakin 2010-cu ilin aprel ayının axırlarında qayınanam 160 manat pulunun oğurlandığını deyərək, bu işdə məni günahkar bildi. Ona görə də aramızdakı münasibət pisləşmişdi. Qayınanama puldan xəbərim olmadığını desəm də, mənə inanmırdı. Həmin vaxtdan etibarən evdə tez-tez söz-söhbət yaradır, mənə qarğış edirdi.
"Yaxşı kişi olsan, arvadını işləməyə qoymazsan"
İyun ayının 17-si idi. Həmişə olduğu kimi axşam işdən çıxıb evə gəldim. Binanın qabağına çatanda oğlum Firudin həyətə düşdü. Oğlumla birgə yaşadığımız binanın qarşısındakı parka gəldik. Bir qədər gəzişdikdən sonra uşaq evə qalxdı, mən isə həyətdə dayanıb arvadımın işdən qayıtmasını gözlədim. Onun gec gəldiyini görüb yaxınlıqdakı dükandan iki-üç şüşə pivə alıb içdim. Gecə saatlarına kimi həyətdə dayanıb arvadımı gözlədim, gəlmədiyini görüb evə getdim.
Evə gec gəldiyim üçün qayınanam Sinəxanım acıqlı halda qapını açaraq yatdığı otağa keçdi. Oğlum Firudin həmin otaqda olan divanda yatmışdı. Sinəxanımın telefonunu götürüb bir neçə dəfə arvadıma zəng vurdum. Lakin onun telefonuna zəng çatmadı. Həmin vaxt Sinəxanım uzandığı çarpayıdan qalxıb oturdu və mənə, "sən kişi deyilsən, arvadın hələ də evə gəlməyib, yaxşı kişi olsan, arvadını işləməyə qoymazsan", - dedi. Sonra isə nalayiq söyüşlər söydü.
"Neçə zərbə vurmağımı xatırlamıram"
Səsə oğlum Firudin yuxudan oyandı. Oğlumun qorxduğunu görüb onu başqa otağa keçirtdim. Sinəxanımın söyüşlərinə son qoymaq və onu qorxutmaq üçün şkafdan bıçaq götürüb yenidən otağa qayıtdım. Ona yaxınlaşıb bıçaqla qarın nahiyəsindən zərbə endirdim. Zərbənin təsirindən Sinəxanım arxası üstə çarpayıya yıxıldı. Bıçaqla ona yenidən bir neçə zərbə vurdum. Amma əsəbi olduğum üçün neçə zərbə vurmağım yadıma gəlmir.
"Onu öldürmək yox, qorxutmaq istəyirdim"
Əynimdəki paltarlar qana bulaşdığından üst-başımı dəyişdim. Əl-üzümü yuyan vaxt bıçağı da yuyub hamama qoydum. Hamamdan çıxanda oğlumun yataq otağında çarpayıda oturduğunu gördüm. Oğlumu götürüb mənzildən çıxmaq istəyirdim ki, qapı döyüldü. Oğlum qapını açdı, arvadım Silqami içəri girdi. Silqamidən harada olduğunu soruşdum. O, isə mənə cavab vermədən anasının harada olduğunu xəbər aldı. Əvvəlcə ona anasının Gülnazgildə olduğunu dedim. Amma mənə inanmadığını görüb Sinəxanımın yatdığını bildirdim. Silqami anasının otağına keçdikdə mən oğlum Firudini götürüb tələsik evdən çıxdım. Birinci mərtəbəyə çatanda Silqaminin qışqırıq səsini eşitdim. Ona görə də daha sürətlə qaçaraq yola çıxdım. Taksiyə əyləşib oğlumla birgə əvvəllər gözətçi işlədiyim iş yoldaşlarımın yanına getdim. Hadisə barədə onlara heç nə demədim. Gecəni orada keçirdik. Səhər saatlarında oğlumla birgə işlədiyim çayxanaya gəldim. Çayxananın sahibi İlkin və İsa qayınanamı öldürdüyümü mənə irad tutdular. Bundan sonra İsa bizi maşına oturdub Gəncə şəhər Polis İdarəsinə apardı. Polis İdarəsində baş vermiş hadisəni olduğu kimi polis əməkdaşlarına danışdım.
Qayınanam Sinəxanımı bıçaqla vurmaqda məqsədim onu öldürmək deyil, qorxutmaq olub. Hazırda törətdiyim cinayət əməlindən peşmanam".
"Anam Rövşəndən şübhələnirdi"
Zərərçəkmiş şəxs qismində dindirilən Silqami Qurbanova ifadəsində anası Sinəxanımın özünəməxsus evdə tək yaşadığını göstərib: "2009-cu ilin sentyabr ayından etibarən ərim və oğlumla birlikdə anamın evinə köçdük, orada yaşamağa başladıq. İlk vaxtlar anamla Rövşənin münasibətləri yaxşı idi. 2010-cu ildə anamın 160 manatı oğurlanmışdı və o, bu işdə Rövşəndən şübhələnirdi. Rövşənsə pulu götürmədiyini deyirdi.
"Oğlumun üzündə qorxu hissi var idi"
Evimizin yaxınlığında yerləşən "Söyüdlü" yeməkxanasında aşpaz köməkçisi işləyirəm. İyunun 17-də gecə saat 24:00 radələrində iş yoldaşlarım Gülnaz və Rüstəmlə birlikdə işdən çıxıb dondurma yeməyə getdik. Saat təxminən 03:00 radələrində evə gəldim. Oğlum Firudin qapını açdı. Əli ilə mənə "get burdan" dedi və qapını örtdü. Yenidən qapını döydüm. Bu dəfə qapı açıldıqda Firudinlə Rövşənin dəhlizdə dayandıqlarını gördüm. Firudinin üzündə qorxu hissi var idi. Oğlumu elə görəndə anama nəsə olduğundan şübhələndim və Rövşəndən anamın harada olduğunu soruşdum. Rövşən mənə anamın Gülnazgildə olduğunu dedi. Ona, "yalan deyirsən", - dedikdə isə anamın yatdığını söylədi. Rövşənin də təlaşlı olduğunu görüb daha da şübhələndim. Anamın otağına keçib işığı yandırdım. Yorğanı anamın üstündən götürəndə gözlərimə inanmadım. Anam al-qan içərisində idi. Qışqırıb otaqdan çıxdım. Həmin vaxt oğlumla ərim evdə yox idilər. Az sonra qonşular, daha sonra həkim və polis işçiləri gəldilər. Həkim anamı müayinə edib öldüyünü dedi. Sonradan oğlum Firudin mənə dedi ki, nənəsi ilə atası mübahisə edib. Ona görə də Rövşən bıçaqla anamı vurub. Anam çarpayıya yıxılaraq qışqırmağa başlayıb. Rövşən isə əlləri ilə onun ağzını yumub, sonra Firudini otaqdan çıxarıb, otağın qapısını arxadan bağlayıb. Anam Rövşənə onu öldürməməyi üçün yalvarsa da, xeyri olmayıb".
Balaca şahid
Şahid qismində dindirilən Firudin Həsənov ifadəsində valideynləri ilə birlikdə 2009-cu ildə Ukrayna Respublikasından Gəncə şəhərinə gəldiklərini deyib sözlərinə əlavə etdi: "Sandığından pul götürüləndən sonra nənəm hər gün atama qarğış edir, atamsa pul götürmədiyini deyirdi...
Gecə saatlarında nənəmlə atamın səsinə yuxudan oyandım. Onların mübahisə etdiklərini gördüm. Amma yuxulu olduğum üçün nə dediklərini başa düşmədim. Atam getmək istəyəndə nənəm ona nəsə dedi. Həmin vaxt atam əlində olan bıçaqla nənəmin qarnına zərbə vurdu. Nənəm çarpayının üstünə yıxıldı, qışqırmağa başladı. Atam əli ilə onun ağzını yumdu. Bundan sonra atam mənə tərəf dönüb baxdı. Yuxudan oyandığımı görüb, "çıx get burdan, çıx get yataq otağına",- dedi. Mən otaqdan çıxanda atam qapını arxadan bağladı. Həmin vaxt nənəm qışqırırdı. Bir azdan sonra nənəmin səsi kəsildi.
Mən mətbəxə keçən zaman hamamın qapısı açıq idi. Hamamda əl-üz yuyulan yerdə atamın nənəmi vurduğu bıçağı gördüm. Tez bıçağı götürüb kreslonun örtüyünün altında gizlətdim. Sonra dəhlizə çıxdım. Anamın çöldən qapını açmaq istədiyini gördüm. Qapını açıb anama əlimlə işarə etdim ki, çıxıb getsin. Örtmək istədikdə anam itələyib qapını açdı və içəri keçdi. Həmin vaxt atam nənəmin otağından çıxmışdı. Anam atamdan nənəmin harada olduğunu soruşdu. Atam da dedi ki, öz otağında yatır. Anam nənəmin otağına keçən kimi atam qolumdan yapışıb məni evdən çıxartdı. Taksiyə əyləşib atamın köhnə iş yerinə getdik".
Qeyd
Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevin sədrliyi ilə keçirilib. Məhkəmənin hökmü ilə Rövşən Həsənov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrum edilib.
Son söz əvəzi:
Deyirlər, qılınc yarası sağalar, söz yarası sağalmaz. Ancaq bəzən elə hallar olur ki, qılınc yarası da sağalmır. Odur ki, gəlin heç kimin qəlbini yaralamayaq.
İnarə Rafiqqızı