
H.Əliyev Fondu adından istifadə etməkdə təqsirləndirilən şəxslərin apellyasiya məhkəməsi başlayıb
Bakı Apellyasiya Məhkəməsində Heydər Əliyev Fondu və dövlət qurumlarının adından istifadə etməklə dələduzluq törətməkdə təqsirləndirilən dəstə üzvlərinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb. Prosesdə məhkəmənin baxış iclası noyabrın 1-nə təyin olunub. İttihama görə, əvvəllər dələduzluq cinayətinə görə məhkum olunmuş bu şəxslər qabaqcadan əlbir olublar. Onlar Muxtar Vəliyevə məxsus tikinti-inşaat işlərinin layihələşdirilməsi üzrə fəaliyyət göstərən "Master-Dizayn" şirkətinin texniki imkanlarından istifadə edərək, saxta müqavilə və layihələr hazırlayıb, təqdim ediblər.
Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə
məşğul olan çoxlu sayda iş adamına guya Heydər Əliyev Fondu və ayrı-ayrı dövlət
orqanları tərəfindən maliyyələşən müxtəlif tikinti sifarişlərinin veriləcəyi
barədə yalan vədlər veriblər. Yalan yolu ilə onların əmlaklarını ələ keçirərək,
onlara külli miqdarda ziyan vurublar. Dəstənin son iki ildə iş adamlarından
təxminən 809 min AZN və 300 min ABŞ dolları məbləğində pulu dələduzluq yolu ilə
ələ keçirilməsi müəyyən edilib. Dəstə üzvləri Milli Təhlükəsizlik Nazirliyinin
əməkdaşları tərəfindən həbs olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamil Seyidov
13 il, Arif Hüseynov 13 il, Muxtar Vəliyev 13 il, Rauf Axundov 10 il, Malik
Mehdiyev 11 il, Anar Abbasov 13 il, Nadir Qasımov 10 il, Vaqif Ələkbərov 10 il,
Elçin Zülfüqarov 9 il, Rövşən Rəhimov 9 il, Bayram Hüseynov 1 il 6 ay müddətinə
azadlıqdan məhrum edilib.
İnsan ya olduğu kimi görünməlidir, ya da göründüyü kimi olmalıdır...
Sərvər Aslanov
O.M.