Azərbaycanda 27 oktyabrın kriminal xronikası

Azərbaycanda 27 oktyabrın kriminal xronikası

28 Oktyabr 2011 12:30
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 32 cinayət faktı qeydə alınmışdır

27.10.2011

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 32 cinayət faktı qeydə alınmış, onların da 16-ı "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 8 nəfər ölmüş, 8 nəfər isə yaralanmışdır.

10 yanğın hadisəsi qeydə alınmışdır, nəticədə 1 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 22 nəfər tutulmuşdur.

Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi

27.10.2011

Oktyabrın 27-də saat 19.45 radələrində Qaradağ rayonu ərazisində Ağcabədi rayon sakini Əli Əkbərov "Mercedes" markalı avtomaşını idarə edərkən Salyan rayon sakini Elşən Məmmədovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

27.10.2011

Oktyabrın 27-də saat 18.00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Masallı rayon sakini Sərxan Əliyev "Volkswagen-Tiquan" markalı avtomaşını idarə edərkən qəsəbə sakini Tahir Alıyevi vurmuşdur. Zərərçəkmiş xəstəxanaya aparılarkən yolda ölmüşdür.

Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

27.10.2011

Oktyabrın 27-də saat 02.30 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini Gündüz Musayev "Range-Rover" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Xaçmaz rayon sakini Teyfur Səfərəliyevin idarə etdiyi "KamAZ" markalı avtomaşına vurmuşdur. Nəticədə G.Musayev və sərnişini Rozaliya Timirbulatova hadisə yerində ölmüşlər.

Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi

27.10.2011

Oktyabrın 27-də saat 19.10 radələrində Sabunçu rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Qazax rayon sakini Teyyub Əsədov vurulmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

İsmayıllı rayonunun Vəndam kəndi ərazisində yol-nəqliyyat hadisəsi

27.10.2011

Oktyabrın 27-də saat 12.00 radələrində İsmayıllı rayonunun Vəndam kəndi ərazisində Bakı şəhər sakini İntiqam Ağayevin idarə etdiyi "VAZ-21061" və Qəbələ rayon sakini Fərman Əlisoltanovun idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə "Jiquli"nin sürücüsü hadisə yerində ölmüşdür.

Yevlax rayonunun Tanrıqullar kəndi ərazisində yol-nəqliyyat hadisəsi

27.10.2011

Oktyabrın 27-də saat 21.50 radələrində Yevlax rayonunun Tanrıqullar kəndi ərazisində kənd sakini Fərrux Allahverdiyevin idarə etdiyi "VAZ-21015" və Yevlax şəhər sakini Surətdin Rüstəmovun idarə etdiyi "Niva-Chevrolet" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə F.Allahverdiyev hadisə yerində ölmüş, xəsarət almış S.Rüstəmov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Siyəzən şəhəri ərazisində mağazada təbii qazın sızmasından ani partlayış baş vermişdir

27.10.2011

Oktyabrın 27-də saat 09.00 radələrində Siyəzən şəhəri ərazisində, şəhər sakini Elxan Paşayevə məxsus mağazada təbii qazın sızmasından ani partlayış baş vermişdir. Nəticədə dağıntı olmamış, E.Paşayev yanıq xəsarəti almışdır.

Axtarışda olan Kamran Kazımlı və Zamiq Məmmədov tutulmuşlar

27.10.2011

Qazaxıstan Respublikasının CM-nin 24-96-cı maddəsi (adam öldürməyə cəhd) ilə axtarışda olan Kamran Kazımlı Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi əməkdaşları tərəfindən tutulmuşdur.
Rusiya Federasiyasının CM-nin 162-ci maddəsi (quldurluq) ilə axtarışda olan Zamiq Məmmədov Baş Cinayət-Axtarış İdarəsi və Kürdəmir RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Avtomaşın qaçırmış Gəncə şəhər sakini Elçin Məmmədov tutulmuşdur

27.10.2011

Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 20-də Vaqif Ələsgərova məxsus "VAZ-2106" markalı avtomaşını qaçırmış Gəncə şəhər sakini Elçin Məmmədov tutulmuşdur.

Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

27.10.2011

Oktyabrın 27-də saat 19.30 radələrində Gəncə şəhəri ərazisində Kənan Məmmədovun idarə etdiyi "Hyundai-Accent" markalı və Goranboy rayon sakini Elnur Qasımovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə "Jiquli"nin sürücüsü hadisə yerində ölmüş, xəsarət almış digər sürücü və 4 sərnişin isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Gəncə şəhər sakini Aqil Yusibov ölmüşdür

27.10.2011

Oktyabrın 15-də saat 15.00 radələrində Gəncə şəhəri ərazisində Göygöl rayon sakini Azad Abdullayev "KamAZ" markalı avtomaşını idarə edərkən şəhər sakini Aqil Yusibovu vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada oktyabrın 26-da orada ölmüşdür

Şəmkir rayonu ərazisində yol-nəqliyyat hadisəsi

27.10.2011

Oktyabrın 25-də saat 17.00 radələrində Şəmkir rayonunun "Yasamal aşırımı" adlandırılan ərazidə Kür qəsəbə sakini Ramin Qasımov "Mercedes" markalı mikroavtobusu idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sərnişin Zərnişan Həsənova oktyabrın 27-də orada ölmüşdür.

Siyəzən rayonunda yaşayan Elçin Fətəliyev dəm qazından boğulmuşdur

27.10.2011

Oktyabrın 27-də Siyəzən rayonunda yaşayan Elçin Fətəliyev evində dəm qazından boğulmuşdur.

Sumqayıt şəhər sakini Gülsarə Abdullayeva və Gülşən Mustafayeva evlərindən dəm qazından zəhərlənmişlər

27.10.2011

Oktyabrın 27-də Sumqayıt şəhər sakini Gülsarə Abdullayeva və Gülşən Mustafayeva evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

Ehtiyat ən etibarlı sığortadır...

Sərvər Aslanov

O.M.