
İslam Partiyasının sədri barəsində hökmdən apellyasiya şikayəti verilib
Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev, qohumu Dəyanət Səmədov, partiya üzvü Zülfüqar Mikayılov və Fəraməz Abbasov barəsində olan hökmdən apellyasiya şikayəti verilib. Bu barədə mətbuata vəkil Anar Qasımov məlumat verib. A.Qasımov apellyasiya şikayəti əsasında məhkəmə prosesinin vaxtının yaxın günlərdə məlum olacağını bildirib.
Qeyd edək ki, Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin
hökmü ilə Hacı Mövsüm Səmədov 12 il, Vaqif Abdullayev 11 il, Rufulla Axundzadə
11 il 6 ay, Firdovsi Məmmədrzayev 10 il, Dəyanət Səmədov 10 il, Fəraməz Abbasov
11 il müddətinə azadlıqdan məhrum ediliblər. Zülfüqar Mikayılov isə 5 il sınaq
müddəti təyin olunmaqla, 11 il müddətinə şərti cəzaya məhkum olunub.
İttiham olunan şəxslər bu il yanvarın 7-də inzibati
qaydada saxlanılıblar. Sonradan onlara Cinayət Məcəlləsinin 28, 214.2.1-ci
(qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik
(cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq)və 278-ci (hakimiyyəti zorla
ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə ittiham elan olunub.
Qanun ona hörmət edənlərin dostudur...
Sərvər Aslanov
O.M.