ATU-nun "Uşaq cərrahlığı" kafedrasının assistenti həbs edilib

ATU-nun "Uşaq cərrahlığı" kafedrasının assistenti həbs edilib

25 Oktyabr 2011 18:25
Bəyəndim (0) Bəyənmədim (0)
Cərrah əməliyyata görə 1000 manat istəmişdi

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, bu gün Azərbaycan Tibb Universitetinin "Uşaq cərrahlığı" kafedrasının assistenti həbs edilib. Məlumata görə, vətəndaş Hüseynov Aydın Zəkər oğlunun Baş prokuror yanında korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "161 qaynar xətt" əlaqə mərkəzinə daxil olan müraciəti əsasında toplanmış material üzrə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Belə ki, Aydın Hüseynov "161-Qaynar xətt" əlaqə mərkəzinə zəng edərək qızı Aidə Hüseynovanın üzərində apardığı cərrahiyyə əməliyyatının müqabilində Azərbaycan Tibb Universitetinin "Uşaq cərrahlığı" kafedrasının assistenti İsmayılov Mahmud Uğurlu oğlunun ondan rüşvət istəməsi barədə məlumat verib.

Müəyyən edilib ki, Mahmud İsmayılov Bakı şəhər sakini Aidə Hüseynovanın üzərində 7 oktyabr 2011-ci il tarixdə qeyd olunan kafedrada apardığı cərrahiyyə əməliyyatının müqabilində Aydın Hüseynovdan 1000 manat pul istəyib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Mahmud İsmayılov oktyabrın 24-də özünə məxsus avtomaşında 550 manat pulu Aydın Hüseynovdan rüşvət kimi alarkən cinayət başında tutulub. Törətdiyi cinayət əməlinə görə Mahmud İsmayılov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İnsan sağlamlığı hərraca qoyulan əmtəə deyil...

Hafiz Əhmədov

O.M.