Azərbaycanda 24 oktyabrın kriminal xronikası

Azərbaycanda 24 oktyabrın kriminal xronikası

25 Oktyabr 2011 13:33
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 29 cinayət hadisəsi baş verib

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, dünən gün ərzində 29 cinayət faktı qeydə alınmışdır.

24.10.2011

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 29 cinayət faktı qeydə alınmış, onların da 15-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 7 nəfər ölmüş, 7 nəfər isə yaralanmışdır.

11 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 19 nəfər tutulmuşdur.

Kürdəmir rayonunun Çöhranlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

24.10.2011

Oktyabrın 24-də saat 14.50 radələrində Kürdəmir rayonunun Çöhranlı kəndi ərazisində Ağstafa rayon sakini Vasif Abbasov Bakıdan Gəncəyə gedən "Mercedes-Benz 312 D" markalı sərnişin mikroavtobusunu idarə edərkən yolu keçən rayon sakini Ramal İsgəndərovu vurmuş və idarəetməni itirdiyindən avtomaşını yol nişanı dirəyinə çırpmışdır. Nəticədə piyada və avtobusdakı sərnişinlərdən biri - Almaz Mehdiyeva hadisə yerində ölmüşdür. Xəsarət almış digər sərnişinlər - Aydın Tağıyev, Hüseyn Məmmədov, Şahnaz Kərimova və Tofiqə Kərimova isə xəstəxanaya yerləşdirilmişlər. A.Tağıyev orada ölmüş, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir.

Şəmkir rayonu ərazisində rayon sakini F.Əmikişiyev avtomaşını idarə edərkən onu aşırmışdır

24.10.2011

Oktyabrın 24-də saat 17.30 radələrində Şəmkir rayonunun Seyfəli kəndi ərazisində, kənd sakini Fidayıl Əmikişiyev "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Sürücü hadisə yerində ölmüşdür.

Tovuz rayonu ərazisində rayon sakini Ş.Quliyev avtomaşını idarə edərkən rayon sakini E.Abdullayevi vurmuşdur

24.10.2011

Oktyabrın 24-də saat 20.00 radələrində Tovuz rayonunun Düz Qırıxlı kəndi ərazisində rayon sakini Şəhli Quliyev "VAZ-2102" markalı avtomaşını idarə edərkən Köhnə Qala kənd sakini Etibar Abdullayevi vurmuşdur. Piyada hadisə yerində ölmüşdür.

Beyləqan rayonu ərazisində Cəbrayıl rayon sakini S.Mayılov avtomaşını idarə edərkən onu aşırmışdır

24.10.2011

Oktyabrın 25-də saat 01.30 radələrində Beyləqan rayonunun İmamverdilər kəndi ərazisində Cəbrayıl rayon sakini Sahib Mayılov "Hyundai-Elantra" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sərnişini Şəhla Səlimova hadisə yerində ölmüşdür.

Bakının Nizami rayonu ərazisində İmişli rayon sakini M.Rəfiyev avtobusla vurulmuşdur

24.10.2011

Oktyabrın 24-də saat 18.30 radələrində paytaxtın Nizami rayonu ərazisində "İveko" markalı avtobus (sürücüsü hadisə yerindən qaçmışdır) İmişli rayon sakini Məhəmməd Rəfiyev vurulmuşdur. Piyada hadisə yerində ölmüşdür.

Mayın 26-da S.Muxtarovaya məxsus çay evindən oğurluq etmiş Şərur rayon sakini M.Fətullayev tutulmuşdur

24.10.2011

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 26-da Sevil Muxtarovaya məxsus çay evindən 150 manat pul və qızıl əşyaları oğurlamış Şərur rayon sakini Məhəmməd Fətullayev tutulmuşdur.

Oktyabrın 23-də R.Eyyubova məxsus avtomaşından oğurluq etmiş Şamaxı rayon sakinləri X.Pənahov və S.Kərimov tutulmuşlar

24.10.2011

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də Rəfayel Eyyubova məxsus "QAZ-24" markalı avtomaşından oğurluq etmiş Şamaxı rayon sakinləri Xəyal Pənahov və Surxay Kərimov tutulmuşlar.

Oktyabrın 23-də A.Murtuzova qarşı zor tətbiq edərək mobil telefonunu ondan almış rayon sakinləri Z.Səfərov və Ü.Həsənov tutulmuşlar

24.10.2011

Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də Abit Murtuzova qarşı zor tətbiq edərək mobil telefonunu ondan almış rayon sakinləri Zamin Səfərov və Ülvi Həsənov tutulmuşlar.

Oktyabrın 23-də M.Abdullayevanın evindən oğurluq etmiş rayon sakini E.Çələbiyev tutulmuşdur

24.10.2011

Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də Mehparə Abdullayevanın evindən 420 manat pul və qızıl əşyaları oğurlamış rayon sakini Eldar Çələbiyev tutulmuşdur.

Göygöl rayon sakini A.Qarayeva dəm qazından boğulmuşdur

24.10.2011

Oktyabrın 24-də Göygöl rayonunun Üçtəpə kənd sakini Aynurə Qarayeva hamam otağında dəm qazından boğulmuşdur.

Mingəçevir şəhəri ərazisində Şəki rayon sakini B.Xəlilova özünü Kür çayına atmışdır

24.10.2011

Oktyabrın 24-də Mingəçevir şəhəri ərazisində Şəki rayon sakini Barat Xəlilova intihar məqsədi ilə özünü Kür çayına atmışdır. O, xilas edilərək xəstəxanaya yerləşdirilmişdir.

Qazax şəhər sakini 4 yaşlı N.Əlirzayeva su arxına yıxılaraq boğulmuşdur

24.10.2011

Oktyabrın 24-də Qazax şəhərində yaşayan 4 yaşlı Nurcan Əlirzayeva evlərinin yaxınlığından keçən su arxına yıxılaraq boğulmuşdur. Uşağın meyiti sudan çıxarılmışdır.

Gədəbəy şəhərində Şəmkir rayon sakini Ə.Abdullayev dəm qazından boğulmuşdur

24.10.2011

Oktyabrın 24-də Gədəbəy şəhər avtovağzalının mehmanxanasında Şəmkir rayon sakini Ələsgər Abdullayev hamam otağında dəm qazından boğulmuşdur.

Azadlıq qanun yolu ilə gedir. Bu yolun kənarında kriminal sıldırımı durur...

Sərvər Aslanov

O.M.