
Tərtərdə hərbi hissəyə silahlı basqın edən "Sahil camaatı" dəstəsinin məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinə silahlı basqın etməkdə, qəsdən adam öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən "Sahil camaatı" adlı mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə məhkəmənin ilkin hazırlıq iclası keçirilib. Hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərə ilk əvvəl hüquqları izah olunub. Daha sonra dövlət ittihamçısı Valeh Səmədov çıxış edərək, ibtidai istintaq zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyini bildirib, cinayət işinin məhkəməyə verilməsini, həmçinin baxış iclasının vaxtının təyin olunmasını xahiş edib. Müşavirədən sonra hakimlər cinayət işinin məhkəməyə verilməsi barədə qərarı elan ediblər.
Prosesin baxış iclası noyabrın 4-nə təyin olunub.
İttiham aktına əsasən, 2008-ci il dekabrın 26-da saat
03:25 dəqiqədə Tərtər rayonu ərazisində dislokasiya olunmuş Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin kəşfiyyat taqımının
əsgəri Xaşayev Üzeyir Elşad oğlunun qəsdən öldürülməsi, həmin tağımın kiçik
çavuşu Şeyubov İslam Şeyub oğluna odlu silahla güllə yarası xəsarəti
yetirilməsi və hərbi hissəyə məxsus odlu silahların talanması faktına görə
Tərtər Hərbi Prokurorluğu tərəfindən 26 dekabr 2008-ci il tarixdə Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluqla əlaqədar qəsdən adam
öldürmə) və 232.3.2-ci (həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq
etməklə odlu silahı və döyüş sursatını talama) maddələri ilə cinayət işi
başlanılaraq istintaqın davam etdirilməsi üçün Respublika Hərbi Prokurorluğuna
göndərilib. Göstərilən cinayətləri törətmiş şəxslər müəyyən edilmədiyindən cinayət
işinin istintaqı 06 yanvar 2010-cu il tarixdə dayandırılıb.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş
əməliyyat tədbirləri nəticəsində həmin cinayətin "Sumqayıt camaatı" adlı
silahlı birləşmənin tərkibində yaradılan "Sahil camaatı" adlı daha silahlı qrup
tərəfindən törədildiyi məlum olub. Belə ki, "Sahil camaatı" adlı silahlı qrupun
üzvləri - Məmmədov Əsgər, Rəhimov Vüqar, Mamedov Yavər, habelə Ağır Cinayətlərə
Dair İşlər Üzrə Məhkəmənin 17 iyun 2010-cu il tarixli hökmü ilə "Sumqayıt
camaatı" adlı silahlı birləşmənin cinayət işi üzrə məhkum edilmiş Druskar
Elşən, Həsənov Tural və Qazıyev Elnur qanunsuz olaraq zabit və əsgər rütbəli
hərbi paltarlar geyinib, tapança və soyuq silahlarla silahlanaraq döyüş
postunda dayanmış əsgərlərin olduğu səngərə tərəf hərəkət ediblər. Əsgərlərin
olduğu səngərə təxminən beş metr qalmış Elşən Druskarla Tural Həsənov pusquda
dayanıb, Əsgər Məmmədov, , və Elnur Qazıyev isə postun ərazisinə daxil olublar.
Posta çatanda orada olan əsgər gələnlərdən parolu soruşub. Bir qədər əvvəl bu
hərbi hissədə hərbi xidmət keçmiş Əsgər Məmmədov parolu söyləyib və hərbi hissədən
yoxlayıcı olduqlarını bildirərək əsgərlərə yaxınlaşıblar. Silahlı
birləşmənin üzvləri guya postları yoxlamaq adı ilə həmin əsgərləri kənara
apararaq düşmənlə üzbəüz səngərdə xidmət edən əsgərlərdən birini səsboğucusu
olan tapançadan başına atəş açmaqla öldürüb, digərinə isə güllə yarası xəsarəti
yetiriblər. Sonra onlar hərbi hissəyə məxsus 1 ədəd "SVD" markalı snayper
tüfəngini, həmin silaha aid içərisində 30 ədəd patron olan üç ədəd sandıqçanı,
2 ədəd "AKMS" markalı avtomat silahı və onlara aid içərisində 60 ədəd patron
olan 2 ədəd sandıqçanı özləri ilə götürərək qaçıblar. Silahlı birləşmənin üzvü
Ramin Məmmədov 2009-cu il iyulun 19-da gizli yolla İran ərazisinə keçmək
istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının qanuni tələblərinə
məhəl qoymayaraq, silahlı müqavimət göstərib, əsgərlərə atmaq istədiyi
qumbaranın əlində partlaması nəticəsində ölüb.
Azərbaycan əsgərinə düşmən kəsilən ermənidir...
Sərvər Aslanov
O.M.