
Azərbaycanda 2 tikinti şirkəti barəsində cinayət işi başlandı
Azərbaycanda fəaliyyət göstərən "Birlik-İnşaat" və "Kamran B.Ə." Məhdud Məsuliyyətli Cəmiyyətlərin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması sahəsində prokurorluq orqanları tərəfindən ardıcıl və sistemli tədbirlər davam etdirilir.
Belə ki, "Kamran B.Ə." Məhdud Məsuliyyətli Cəmiyyətin
payçılarının müraciəti əsasında aparılmış araşdırma zamanı müəyyən edilib ki,
həmin cəmiyyətin vəzifəli şəxsləri Ələkbər Babayev, German Hüseynov, Süleyman
Əliyev və Rüfət Nağıyev öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən
zidd olaraq istifadə etməklə payçıların vəsaiti hesabına Bakı şəhəri, Yasamal
rayonu, Bünyadzadə küçəsi 3-cü massiv, 34 b saylı ünvanda inşa edilmiş
çoxmərtəbəli binada 90 mənzili aldatma yolu ilə 250 şəxsə satmaqla külli
miqdarda özgə əmlakını ələ keçiriblər.
"Kamran B.Ə." MMC-nin vəzifəli şəxslərinin əməllərində
vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda
özgə əmlakını ələ keçirmə cinayətlərinin əlamətləri olduğundan fakta görə
Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Bundan başqa, vətəndaş Gülçöhrə Musayevanın müraciəti
əsasında aparılmış araşdırma ilə müəyyən edilib ki, "Birlik-İnşaat" MMC-nin
təsisçisi və sədri Elman Tağıyev öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə
qəsdən zidd olaraq istifadə etməklə cəmiyyətin digər vəzifəli şəxsləri ilə
cinayət əlaqəsinə girib Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi 20
saylı ünvanda 2005-ci ildən inşasına başladıqları 2 bloklu, 14 mərtəbəli
yaşayış binasındakı mənzillərin payçılara paylanması zamanı aldatma yolu ilə eyni
mənzilə görə bir neçə vətəndaşla müqavilə bağlamaqla onların hər birindən
mənzilin tam dəyərini alaraq külli miqdarda özgə əmlakını ələ keçirməklə fiziki
şəxslərin hüquqlarına və qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb
olan zərər vurublar.
"Birlik-İnşaat" MMC-nin vəzifəli şəxslərinin əməllərində
vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və aldatma yolu ilə küllü miqdarda
özgə əmlakını ələ keçirmə cinayətlərinin əlamətləri olduğundan fakta görə
Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanıb.
Hazırda hər iki cinayət işi üzrə Baş prokuror yanında
Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq aparılır.
Ev tikirdilər, evlərin tikildi...
Sərvər Aslanov
O.M.