Meyitlərə baxanda birinin oğlum olduğunu gördüm”- 3 dostun əyləncəsinin faciəli sonu…

Meyitlərə baxanda birinin oğlum olduğunu gördüm”- 3 dostun əyləncəsinin faciəli sonu…

10 İyul 2017 14:38
Bəyəndim (0) Bəyənmədim (0)

İİki dostunun ölümünə səbəb olan 27 yaşlı gəncin cəzası azaldılıb. Mərhum gənclərin ailə üzvləri şikayətçi olmayaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini istəyiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilə Məlikov Elvin Məzahir oğlu apellyasiya şikayəti verib.

Aldığı cəzadan narazı qalan 1990-cı il təvəllüdlü Elvin Məlikovun şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə baxılıb.

E.Məlikovun vəkili İbrahim Ağamov müdafiə etdiyi şəxs barəsindəki hökmün dəyişdirilərək ona daha yüngül cəza təyin edilməsini istəyib.

Vəkil apellyasiya şikayətini belə əsaslandırıb ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qərar qəbul edilərkən E.Məlikovun cəzasını yüngülləşdirən hallar nəzərə alınmayıb.

Təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını deyən vəkil bildirib ki, E.Məlikovun gənc olması, zərərcəkmiş şəxslərin hüquqi varisləri ilə razılıq əldə etməsi və ilk dəfə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan cinayət törətməsi, əməli tam səmimi peşmançılıq çəkməsi nəzərə alınmayıb.

Məhkəmədə məlum olub ki, qəza zamanı dünyasını dəyişən şəxslərin hüquqi varisləri E.Məlikovdan şiakyətçi deyillər. Onlar E.Məlikovu bağışladıqlarını və ona yüngül cəza verilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət ediblər.

Yeyib-içən gənclərin faciəsi…

Hadisə 2016-cı ilin mart ayında Quba rayonunun Xınalıq kəndi ərazisində baş verib. E.Məlikov atasına məxsus "VAZ-21214" markalı maşını 100 metr hündürlükdən Qudyalçay çayına aşırıb.

Sürücülük vəsiqəsi olmadan və sərxoş halda yol hərəkəti qaydalarını pozaraq qəza törədərən E.Məlikov iki nəfərin ölümünə səbəb olub.

Məhkəmədəki ifadəsində E.Məlikov özünü təqsirli bilərək göstərib ki, dostları Şahin və Elşənlə atasının maşını ilə gəzmək və yeyib-içmək qərarına gəliblər. Bu məqsədlə də atasının evdə olmamasından istifadə edən Elvin atasının gödəkcəsinin cibindən maşının açarını götürüb və "Çay qovşağı" deyilən yerə gediblər.

Birlikdə 750 qram araq, 3 şüşə çaxır içiblər. Dostlar daha sonra benzin və ərzaq almaq üçün Qəçrəş kəndinə getmək qərarına gəliblər. Qəza da elə bu zaman baş verib.

Elvin ifadısində deyib ki, sərxoş olduğundan idarəetməni itirib və avtomobili dərədən aşırıb. Aldığı xəsarətlərdən huşunu itirib. Səhəri gün xəstəxanada ayılanda dostlarının öldüyünü öyrənib.

Elvinin cəzası azaldıldı…

Qəza zamanı dünyasını dəyişən Elşənin atası Əziz Yarəmmədov isə ifadəsində deyib ki, kənddə olarkən qonşuları Elvin Məlikovun atasına məxsus avtomobili aşırdığını eşidib.

Ə.Yarəmmədov oğlunun da orada ola biləcəyini hiss edib: "Elvinlə oğlum uşaqlıq dostu idi. Elşənin də həmin avtomobildə ola biləcəyini düşündüm. Hadisə yerinə gələndə iki meyitin ağ mələfə ilə örtüldüyünü gördüm. Meyitlərə baxanda birinin oğlum olduğunu gördüm. Digəri isə Şahinin meyiti idi".

Mərhum Şahinin hüquqi varisi kimi tanınan atası Səməd Bahaddinov da eyni məzmunlu ifadə verib.

Məhkəmə tərəfləri dinədikdən sonra apellyasiya şikayətinin təmin edilməsi ilə bağlı qərar qəbul edib(Y.M)

Apellyasiya məhkəməsi E.Məlikovun ilk dəfə cinayət törətməsini, gənc olmasını, zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb.

Məhkəmənin hökmü ilə E.Məlikovun cəzası 10 ildən 8 ilə endirilib.

Mediainfo.az