Rabitə işi: "Əli Abbasov mənim əvəzimə 2 milyon manat ziyanı ödəyəcəyinə söz verib"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən Beytulla Hüseynovun vəkili Cəlil Mirzəyev çıxış edib. O deyib ki, B. Hüseynovun dövlətə vurduğu ziyan tam ödənilib.
Təqsirləndirilən Anar Mustafayevin vəkili Gülşən Salmanov hüquqlarını müdafiə etdiyi şəxsə qarşı ittihamların əsassız olduğunu deyib və A. Mustafayevə şərti cəza verilməsini istəyib. O deyib ki, cinayət baş vermiş olsaydı belə, A. Mustafayev dəymiş zərəri tam və nağd şəkildə ödəyib.
Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov isə hüquqlarını müdafiə etdiyi şəxsin heç bir vəsaiti mənimsəmədiyini deyib. Onun sözlərinə görə, məhkəmə istintaqı zamanı V. Zeynalova qarşı irəli sürülən ittihamlar təsdiqlənməyib: "Vidadi Zeynalov heç kimə "paket" verməyib. O, paket alıb. İttihamda nazirliyə vurulan ziyanın məbləği dəfələrlə şişirdilib".
Vəkil qeyd edib ki, V. Zeynalovun atasının evinə də həbs qoyulub: "Bu ev necə cinayət yolu ilə əldə edilə bilər ki, həmin mənzil tikiləndə Vidadi Zeynalov heç anadan olmamışdı. Bundan başqa, onun icarəyə götürdüyü torpaqların da üzərinə həbs qoyulub. Dövlət torpağının üzərinə necə həbs qoyula bilər?"
Vəkil çıxışının sonunda V. Zeynalova ya bəraət verilməsini ya da azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza istəyib.
Namazalı Məmmmədovun Könül Əliyeva da hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib.
Təqsirləndirilən Qəmbər Bəybalıyev deyib ki, ümumi əmlakının dəyəri 300 min manat təşkil etməsə də, bunu dəyən ziyan kimi ödəməyə hazırdır: "Vidadi Zeynalov, Əli Abbasov da 2 milyon 73 min manat ziyanı mənim əvəzimə ödəyəcəklərinə söz veriblər. Hətta Əli Abbasovbununla bağlı aidiyyəti orqanlara müraciət etsə də, buna şərait yaradılmayıb. Bütün əmlakımı dövlətə bağışlayıb, kirayə yaşamağa hazıram. Mən məhkəmədən ədalətli qərar çıxarmasını xahiş edirəm".
Proses iyulun 12-də davam etdiriləcək.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən V. Zeynalovun 14 il, B. Hüseynovun 15 il, A. Mustafayevin 8 il, Q. Bəybalayevin 10 il, E. Məmmədovla N. Məmmədovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, təqsirləndirilən şəxslərdən M. Məmmədov, C. Cəfərov, S. Hümbətov, B. Vəliyev və O. Rüstəmovun isə hər birinin 5 il 11 ay 11 gün müddətinə şərti olaraq azadlıqdan məhrum olunmalarını istəyib.
Prokuror xahiş edib ki, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlakları dəymiş ziyanın ödənilməsinə yönləndirilsin və həmin əmlakların üzərindən həbs götürülməsin.
Xatırladaq ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu "Bakı Rabitə Təmir Tikinti" və "Təmir Təchizat Servis" MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu "3 nömrəli Rabitə Təmir Tikinti", "Rabitə Mülki Tikinti" MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan "Aztelekom" MMC, "AzİnTelekom" MMC, "Azərpoçt" MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət "Optik Rabitə Tikinti və Quraşdırma" MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və "Aztelekom" MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin "AzİnTelekom" MMC-nin baş direktoru Cəlil Cəfərova, "Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və "Optik Rabitə, Tikinti və Quraşdırma" MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Mediainfo.az