
Dayısının evini taladı
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham olunan 28 yaşlı Arif Şükürov və 26 yaşlı Pərviz Abışovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Prosesə hakim Cavid Hüseynov sədrlik edir.
İttihama görə, Arif Şükürov dostu Pərviz Abışovla əlbir olaraq 8 aprel 2017-ci ildə Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən, dayısı Baxşeyiş Əsədova məxsus mənzildən oğurluq etməyi planlaşdırıb. Günorta saatlarında B.Əsədovun mənzilinə soxulan dostlar 5100 dollar, 1200 manat pul və 350 manat dəyərində "Samsung-Galaxy" markalı mobil telefon oğurlamaqla ona külli miqdarda ziyan vurublar.
Təqsirləndirilən şəxs qismində dindirilən Pərviz Abışov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində hadisə baş verən gün Arifin dayısı Baxşeyiş Əsədova məxsus evə gəldiklərini bildirib: "Daş hasarda olan oyuq yerindən həyətə keçdik. Plastik pəncərəni "mantirovka" ilə açıb evə girdik. Yataq dəstinin baş hissəsində saxlanılan pulları və mobil telefonu götürüb evdən çıxdıq".
P.Abışovun ifadəsinə görə, oğurladıqları pulu Ariflə yarı bölüb və şəxsi ehtiyaclarına xərcləyib.
Təqsirləndirilən Arif Şükürov ifadəsində hadisə baş verən gün tanışı Pərvizlə görüşdüklərini, söhbət əsnasında ona dayısı Baxşeyişin evini "aparmağı" təklif etdiyini etiraf edib: "Dedim ki, dayımın çoxlu pulu var. O da razılaşdı. Elə həmin gün Binəyə yollandıq. Evin yaxınlığına gəlib ətrafa nəzər saldıq. Heç kimin olmadığını görüb həyətə daxil olduq. Həyətdən tapdığım "mantirovka" ilə pəncərəni açdım. Yataq otağında saxlanılan pulların yerini Pərvizə göstərdim. Pərviz də pulları götürdü. "Termo"nun qarşısında mobil telefon gördüm, onu da götürüb evdən çıxdıq. Oğurladığımız puldan 200 manatını dükana olan borcuma verdim. İki gündən sonra polis əməkdaşları məni Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə dəvət etdilər. Orada məlum oldu ki, oğurluq etdiyimi biliblər".
Zərərçəkmiş Baxşeyiş Əsədov ifadəsində ailəsi ilə birlikdə Binə qəsəbəsində, Südçülük sovxozunda yaşadığını, neft kəmərində işlədiyini göstərib. B.Əsədov hadisə baş verən gün səhər saatlarında işə, ailə üzvləri isə Yevlax rayonuna gedib. Axşamüstü işdən qayıdan B.Əsədov mətbəxin plastik pəncərəsinin açıq olduğunu görüb: "Yataq otağına nəzər saldıqda gördüm ki, həyat yoldaşıma məxsus pul qabının içərisindəki pullar, həmçinin mobil telefon yerində yoxdur. Mənzildən oğurluq edildiyini başa düşdüm. Xəzər Rayon Polis İdarəsininin 1-ci Polis Bölməsinə oğurluq hadisəsi ilə bağlı şikayət ərizəsi yazdım".
Məhkəmə prosesi 19 mayda davam edəcək.
İnarə Rafiqqızı