
Qaynını öldürən müttəhimlər kürsüsündə
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaynını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Təhmasib Fərəcovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Prosesə hakim Faiq Qəniyev sədrlik edib. Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxışı mayın 11-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi 4 yanvar 2017-ci ildə baş verib. Naxçıvan şəhər sakini T.Fərəcov Xətai rayonu ərazisində kirayədə yaşadığı mənzildə münaqişə zəminində qohumu - Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Cəfərova bıçaqla xəsarət yetirib. R.Cəfərov hadisə yerində keçinib. Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Fərəcov tutulub.
Araşdırma zamanı məlum olub ki, qətlə yetirilən R.Cəfərovla hadisəni törədən T.Fərəcov qayın-yeznə olub. Yanvarın 4-də bayramlaşmaq üçün bacısıgilin Xətai rayonunda kirayə yaşadığı mənzilə gələn 35 yaşlı R.Cəfərov burada yeznəsi T.Fərəcovla dalaşıb. İnsident qansız ötüşməyib. T.Fərəcov qaynını bıçaqlayaraq öldürüb. Qətl hadisəsi zamanı R.Cəfərovun bacısı da mənzildə olub.
Törətdiyi cinayət əməlinə görə, T.Fərəcova Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Mediainfo.az