Təqsirkar MTN polkovniki məhkəmədə ifadə verib
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Elbəyi Allahverdiyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Vidadi Əzizov təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldırıb. Hakim iddianı icraatına götürüb və məhkəmə istintaqı zamanı araşdırılacağını bildirib.
Daha sonra Mirəziz Əsgərovun vəkili Fazil Nəhmətov vəsatətlə çıxış edib. Vəkil bildirib ki, istintaq zamanı faktlar saxtalaşdırılıb, Mirəziz Əsgərovun xeyrinə olan sübutlara qanunsuz olaraq xitam verilib. O, cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib.
M. Əsgərov bildirib ki, istintaq orqanı ona qarşı qərəzli olub. Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən M. Əsgərov bildirib ki, ona qarşı irəli sürülən ittihamlar əsassızdır.
M. Əsgərov işlədiyi müddətdə rəhbərlik tərəfindən dəfələrlə mükafatlandırıldığını deyib. O, təqsirləndirildiyi epizod üzrə adı keçən Vidadi Əzizovu xarici ölkə vətəndaşı ilə əlaqəsi üzə çıxdığı üçün Baş Prokurorluğun sanksiyası ilə dinlədiyini və istintaqa cəlb etdiyini deyib: " Bu əməliyyatlara MTN-in 4 strukturu nəzarət edirdi. Mənim burada hər hansı səlahiyyətli şəxs olmağım mümkün deyildi. Çünki 4 strukturun keçirdiyi əməliyyata ya MTN rəhbəri, ya da onun müavinlərindən biri nəzarət edirdi".
M. Əsgərov bildirib ki, Vidadi Əzizovun sahibkarlıq fəaliyyətilə məşğul olmasını təsdiqləyən heç bir sübut yoxdur: "Ondan hədə-qorxu yolu ilə 40 min manat almağım haqda ittihamda yazılanlar yalandır".
Məhkəmə prosesi aprelin 28-də davam edəcək.
İttihama görə, Mirəziz Əsgərov Vidadi Əzizovu xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandıraraq həbs edib. Ondan hədə-qorxu yolu 500 min manat alıb. Bundan sonra Vidadi Əzizov sərbəst buraxılıb. Daha sonra M.Əsgərov V.Əzizovun sahibkarlıq fəaliyyətinə mane olmamaq üçün 100 min dollar tələb edib, amma son nəticədə 40 min manat alıb.
Mediainfo.az