Məmur ərini qətlə yetirən qadının kassasiya şikayəti təmin edilməyib

Məmur ərini qətlə yetirən qadının kassasiya şikayəti təmin edilməyib

10 Aprel 2017 16:05
Bəyəndim (0) Bəyənmədim (0)

Ali Məhkəmədə ərini qətlə yetirməkdə təqsirləndirilən Xalidə İsgəndərovanın barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə X.İsgəndərovanın kassasiya şikayəti üzrə qərar elan edilib.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib. İşə yenidən Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabr ayında baş verib. 1964-cü il təvəllüdlü Füzuli Haqverdi oğlu İsgəndərov yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı hadisənin mərhumun həyat yoldaşı, paytaxt sakini, 1969-cu il təvəllüdlü Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub. X.İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

Ötən il senytabr ayının 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.İsgəndərova 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə X.İsgəndərovanın vəkilləri vəsatətlə çıxış ediblər. Onlar məhkəmənin istintaqla aparılmasını istəyiblər. Məhkəmə vəsatəti təmin etməyib. Daha sonra müdafiəçiləri həmin qərardan kassasiya şikayəti veriblər.

Xatırladaq ki, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

Mediainfo.az