Qonşusunun oğlunu türmədən azad etdirəcəyinə söz verdi, amma...
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 53 yaşlı Elçin Əlimərdanovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Prosesə hakim Əfqan Hacıyev sədrlik edib.
İstintaqla müəyyən edilib ki, Elçin Əlimərdanov 2013-cü il avqust ayının ortalarında tanışı Xanım Əzimovanın oğlu Taleh Nəzirovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə onun cəzasını azalda və ya 3 il şərti cəza təyin etdirə biləcəyi adı ilə aldadaraq onların 17 min manat pulunu ələ keçirib.
İlkin araşdırma zamanı E.Əlimərdanovun yerini müəyyən etmək mümkün olmayıb, barəsində axtarış elan edilib. 20 sentyabr 2016-cı ildə Elçin Əlimərdanov Sabunçu Rayon Polis İdarəsinin 15-ci bölməsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim edilib. Cinayət işi üzrə icraat təzələnib.
Törətdiyi cinayət əməlinə görə E.Əlimərdanova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs qismində dindirilən Elçin Əlimərdanov ifadəsində zərərçəkmiş Xanım Əzimovanı və onun həyat yoldaşı Vaqifi tanıdığını, qonşu olduqlarını göstərib: "Vaqifin oğlu Taleh narkotik üstündə tutulmuşdu. 2013-cü ilin iyun ayında Talehin cinayət işi üzrə məhkəmə keçirilirdi. Xanımla əri Vaqif mənə müraciət edərək Talehin cəzasını yüngülləşdirməkdə, onun azadlığa buraxılmasında köməklik göstərməyi xahiş etdilər. Dost- tanışdan maraqlandım, işi yoluna qoymaq üçün 17 min manat lazım olduğunu dedim".
E. Əlimərdanovun ifadəsinə görə, Talehin azadlığa buraxılmasına söz verib və qonşularından göstərilən məbləğu alıb. Ancaq həmin işin dalınca getsə də düzəldə bilməyib: "O ərəfədə özümə pul lazım idi, Vaqifgildən aldığım pulu şəxsi ehtiyaclarım üçün xərclədim. Talehə 9 il cəza verildikdən sonra ata-anası pulu geri tələb etdilər. Pulu qaytara bilmirdim, vaxt istədim, lakin onlar məndən şikayət etdilər".
Zərərçəkmiş şəxs qismində dindirilən Xanım Əzimova ifadəsində göstərib ki, həyat yoldaşı Vaqif ürək çatışmazlığından 2014-cü il may ayının 3-də rəhmətə gedib: "Oğlum Taleh və ailəsi bizimlə birlikdə yaşayırlar. 13 iyun 2013-cü ildə Taleh narkotik maddələrin satışı ilə məşqul olduğuna görə həbs olundu. İşi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərdilər".
Zərərçəkmişin ifadəsinə görə, E.Əlimərdanov onlara yüksək vəzifələrdə işləyən tanışları olduğunu, həmin şəxslərin köməkliyi ilə oğlu Talehə təyin edilmiş cəzanın azaldılmasında köməklik göstərə biləcəyini deyib: "Oğlumun işi üçün 17 min manat lazım olduğunu, cəzasının 3 il şərti cəza ilə əvəz edilməsinə kömək edəcəyinə söz verdi. Elçini tanıdığımıza görə ona inandıq. Həmin məbləği iki dəfəyə düzəldib verdik. Elçin pulu alandan sonra məsələni qısa müddətdə həll edəcəyini söylədi. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsində oğlum Talehin işinə baxan hakim ona 9 il cəza verdi. Biz də Elçindən pullarımızı tələb etdik".
Qeyd edək ki, zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilib.
Məhkəmənin hökmü ilə Elçin Əlimərdanov barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 2 il şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.
İnarə Rafiqqızı