İş yoldaşlarını amansızlıqla qətlə yetirənlərin məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Vüsal Mirzəyev, Vüsal Qədiyev və Nizami İsmayılovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Prosesə hakim Şəkər Məmmədova sədrlk edib. Prosesdə dövlət ittihamçısı cinayət işi ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
Hazırlıq iclası sentyabrın 7-ə kimi təxirə salınıb.
Qeyd edək ki, 7 sentyabr 2015-ci ildə Abşeron rayonu, Xocasən qəsəbəsində üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyiti aşkar edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əməliyyat-istintaq tədbirlərin nəticəsində qətlə yetirilən şəxsin Kürdəmir rayon sakini, 1982-ci il təvəllüdlü Xanlar Nadirov olması müəyyən edilib.
Hadisədən 5 ay sonra polis onun qətli ilə bağlı üç nəfər şəxsi saxlayıb. Qətli törətməkdə ittiham olunan Lənkəran rayon sakini, 1995-ci il təvəllüdlü V.Mirzəyev, Kürdəmir rayon sakini, 1987-ci il təvəllüdlü V.Qədiyev və Lerik rayon sakini, 1982-cı il təvəllüdlü N.İsmayılov həbs olunublar.
Məlum olub ki, qətli törədən şəxslər X.Nadirovla birlikdə ötən il sentyabrın 6-da Sulutəpə dairəsi yaxınlığındakı kafedə yeyib-içiblər. Bundan sonra onların arasında mübahisə yaranıb. Adları çəkilən şəxslər Xanlar Nadirovu yaxınlıqdakı meşə massivinə apararaq orada dəmir parçası ilə başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə qətlə yetiriblər.
Hadisədən sonra isə yaşadıqları rayonlara qaçıblar.
İnarə Rafiqqızı