Qız üstündə 25 yaşlı oğlanı öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Qız üstündə 25 yaşlı oğlanı öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

25 İyul 2016 15:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda qətl törətməkdə təqsirləndirilən şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb.

1991-ci il təvəllüdlü Kamran Həsənzadənin cinayət işinin ibtidai istintaqı Nərimanov Rayon Prokurorluğunda araşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Əlövsət Abbasovun icraatına verilib. Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası iyulun 27-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayının 29-da Bakının Nərimanov rayonunda baş verib. Paytaxt sakini, 1990-cı il təvəllüdlü Nazim Ələkbərov qarın nayihəsindən aldığı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Baş verən cinayət hadisəsilə əlaqədar Nərimanov Rayon Polis İdarəsində dərhal araşdırmalara başlanılıb. Araşdırmalar zamanı qətldə şübhəli bilinən 1991-ci il təvəllüdlü K.Həsənzadə saxlanılıb.

O, ilkin dindirilmə zamanı qətli qız üstündə törətdiyini bildirib. Belə ki, N.Ələkbərov sevdiyi qızla onların məhəlləsində dayanıb, söhbət edib. Bu zaman K.Həsənzadə oğlana irad tutub. Nəticədə aralarında münaqişə başlanıb. Münaqişə zamanı K.Həsənzadə bıçağa əl ataraq, cinayət törədib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.

Mediainfo.az