Saxta sənədlə təkrar mənzil satan vəzifəli şəxs məhkəmə qarşısında
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əvvəllər satılmış mənzilləri saxta sənədlər əsasında təkrar ayrı-ayrı şəxslərə satan şirkət direktoru Əkbər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra cinayət işi üzrə zərərçəkmişlərlə tanışlıq mərhələsi keçirilib. Məhkəmə baxışı iyulun 25-nə təyin olunub.
İttihama görə, "AENT-E" MMC-nin direktorunun qanunsuz əməlləri barədə Xətai rayon məhkəməsinin xüsusi qərardadı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı cəmiyyətin direktoru Əkbər Cəfərovun qulluq mövqeyindən sui-istifadə edərək Xətai rayonu, Gəncə prospektində cəmiyyət tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında əvvəllər satılmış mənzilləri saxta sənədlər əsasında təkrar ayrı-ayrı şəxslərə satdığı məlum olub. O, 166 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirib.
Əkbər Cəfərov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham edilir.
Hacı