Həbsdəki məmur oğurlanan oğluna görə 3 milyon verib
Ötən il MTN-dəki mütəşəkkil qruplaşmanın zərərsizləşdirilməsi əməliyyatı çərçivəsində Rabitə Nazirliyinə və onun strukturlarına da sıçrayan həbs dalğasında tutulan "Aztelekom" MMC-nin baş direktoru oğlunu girovluqdan xilas etmək üçün 3 milyon dollar ödəyib. Bildirilir ki, hazırda həbsdə olan Məhəmməd Məmmədov bir neçə ay əvvəl oğurlanan oğlu Araz Məmmədovu xilas edə bilib.
Məlumatı Ukraynadakı azərbaycanlı diasporundakı mənbələrdən alıb. Məlumata görə, Şevçenko adına Kiyev Dövlət Universitetinin tələbəsi, 3-4 aydır girovluqdda saxlanılan Araz Məmmədovu bu günlərdə azad ediblər.
Araz Məmmədovun kimlər tərəfindən oğurlandığı barədə heç bir məlumat yoxdur. Həmin hadisə bu yaxınlarda mətbuata sızmışdı və bəzi KİV-lər yazmışdı ki, Ukraynada bir neçə imkanlı azərbaycanlı pul almaq üçün oğurlanıb. Onların arasında Məhəmməd Məmmədovun oğlu da var.
M.Məmmədovun oğlu ötən ilin oktyabrında Kiyevin Borispol aeroportuna gedən yolda "Mercedes" avtomobili ilə yüksək sürətlə hərəkət edərək qəza törətmişdi v bu qəzada "Aztelekom" MMC-nin baş direktorunun baldızı qızı həlak olmuşdu. Sürücü və digər sərnişin isə ağır yaralanıb. A.Məmmədov Kiyevdə dəbdəbəli həyat tərzi keçirirmiş və məlumatlara görə bu üzdən adam oğruları onun arxasınca düşüb.
Cinayətkarlar keçmiş məmurun oğlunu xəstəxanada oğurlamaq istəyib, ancaq gecikiblər. Məlum olub ki, o, iki gün əvvəl təxliyə edilib. Nəhayət A.Məmmədovu oğurlamaq mümkün olub və onun azadlığa buraxılmasının əvəzində atasından 10 milyon dollar tələb ediblər.
"Aztelekom"" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov ötən ilin noyabrında həbs olunub. M.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, MTN-dəki qruplaşmanın zərərsizləşdirilməsinin ardınca Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də rəhbərliyində vəzifədən azad edilmələr, həbslər aparılıb. Məlum olub ki, bu nazirliyin rəhbərliyi hər ay Eldar Mahmudova milyonlarla dollar haqq verirmiş. Nazirliyin sistemində hökm sürən korrupsiya və maxinasiyalar Mahmudovun "krişası" altında həyata keçirilirmiş.
Mediainfo.az