Ərini öldürən qadın: "Əməlimdən peşmanam...."

Ərini öldürən qadın: "Əməlimdən peşmanam...."

25 Aprel 2016 16:53
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş ərini öldürməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Səbinə İmanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan olunub. Prokuror ittiham nitqi ilə çıxış edib. Səbinə İmanova ittiham üzrə özünü təqsirli bilib. O, məhkəmədə sərbəst ifadə verib. S.İmanov ifadəsində keçmiş ərinin ondan əl çəkmədiyini, tez-tez işlərinə qarışdığını deyib: "Hadisə günü nənəmin evində idik. Yemək yedik, spirtli içki qəbul etdik. İşlərimə qarışdı, qısqanırdı, saçımdan yapışdı, yerlərdə sürüdü. Özümdən çıxdım. Gözüm qaraldı, bu cür hadisə oldu. Əməlimdən peşmanam".

Bundan prosesdə zərərçəkənin hüquqi varisi - atası Rüfət Məmmədov ifadə verib. O ifadəsində Səbinə İmanovanın "oğlundan əl çəkmədiyini" deyib. R.Məmmədov oğlunun qatilinə ən ağır cəza verilməsini istəyib.

Prosesdə şahid qismində 8 nəfər dindirilib.

Məhkəmə prosesi mayın 2-də davam edəcək.

Qeyd edək ki, qətl keçən il Nəsimi rayonunda baş verib. Səbinə İmanova keçmiş əri olan Adil Məmmədovu nənəsigilə qonaq çağırıb. Onlar birlikdə yemək yeyiblər, 0,7 litr həcmində spirtli içki qəbul ediblər. Bu zaman onlar arasında qısqanclıq zəminində mübahisələr yaranıb. Bu zaman Səbinə İmanova bıçaqla keçmiş ərini qətlə yetirib. Ona Cinayət Məcələsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Səbinə İmanova bundan qabaq narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhbusluq həyatı yaşayıb.

Mediainfo.az