“Oğlumu döyüb cinayəti boynuna qoyublar”

“Oğlumu döyüb cinayəti boynuna qoyublar”

15 Aprel 2016 15:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Ramin Abbaslı və Hüseyn Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Zeynal Ağayev sədrlik edib. Prosesdə şahidlər dindirilib.

Şahid qismində məhkəmədə dindirilən Əlibala Musatafayev taksi sürücüsü işlədiyini, hadisə baş verən gün Xaçmaz rayon sakini Şıxbala adlı şəxsi qəsəbədə yerləşən "Dostluq" istirahət mərkəzinə apardığını göstərib: "Qonşu kənddən olan Şıxbala zəng vurub çağırdı. Onu həmin yerə apardım. Məni də yeyib-içməyə dəvət etdi, getmədim, bir kənarda dayanıb gözlədim. Çünki yenidən onu qəsəbəyə aparacaqdım. Bir qədər sonra Şıxbala gəlib dedi ki, Famili öldürdülər. Mən hadisəni görmədim, amma Şıxbalanın dediyinə görə söyüş üstündə olub. Ona dedim ki, əgər burda cinayət baş veribsə, səni evinə apara bilmərəm, sabah bu işə görə mənim də başım ağrayar".

Dövlət ittihamçısının, vəkillərin suallarını cavablandırarkən Ə.Mustafayev istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyib: "Allah şahiddir, nə görmüşəm, onu da demişəm. Yazıb-oxumağı bacarmıram. Heç kimlə düşmənliyim də yoxdur. Famili kim vurub, necə vurub, mən görməmişəm. Amma Şıxbala deyirdi ki, əlində "montirovka" var idi".

Daha sonra şahid qismində təqsirləndirilən Ramin Abbasovun atası Etibar Abbasov ifadə verib. O, ifadəsində hadisə baş verən zaman Rusiyada olduğunu, oğlunun ona zəng vurub məlumat verdiyini göstərib: "Oğlum müstəntiqin yanından mənə zəng vurub dedi ki, bir nəfəri vurmuşam, şah damarına dəyib, deyəsən ölüb. Ertəsi gün Azərbaycana gəldim. Yaxın dostlarım vasitəsilə hadisənin necə baş verməsi ilə maraqlandım. Mənə hadisəni törədənin Mingəçevir şəhərindən olduğunu dedilər. Sonra oğlumla görüşdüm, hadisə barədə soruşdum. Oğlum mənə dedi ki, həmin şəxslə təkbətək dalaşmayıb. Üç-dörd dəfə mərhumun ailəsinin yanına getmişəm, görüşmüşəm. Hüseynin atası da zərərçəkmişlərin yanına gedəcəkdi, amma getmədi".

Təqsirləndirilən şəxsin atası oğlunun günahsız olduğunu iddia edib: "Oğlumu döyüb bu qətli boynuna qoyublar. Bu barədə lazımi instansiyalara şikayət də etmişəm. Mən oğlumla görüşməmişdən əvvəl də hadisənin necə olmasını bilirdim. Bunu tək mən yox, bütün Xaçmaz bilir".

Məhkəmə prosesi aprelin 22-də davam edəcək.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin iyun ayında Nabrandakı "Dostluq" istirahət mərkəzində baş verib. Hüseyn Rüstəmov və Ramin Abbaslı Nabranda tələbə yoldaşları ilə birgə istirahətdə olarkən taksi sürücüsü olan Famil Məmmədovla mübahisə edib. Mübahisəyə səbəb taksi sürücüsünün onlardan əlavə pul tələb etməsi olub. Nəticədə, həmin şəxslər F.Məmmədovu qətlə yetiriblər. Hadisədən sonra R.Abbaslı və H.Rüstəmov saxlanılıb. H.Rüstəmov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və R.Abbaslı isə 221-ci (xuliqanlıq) maddəsi ittiham edilib.

Həbs olunan şəxslər Sumqayıt Dövlət Universitetinin 4-cü kurs tələbələri olublar.

İnarə Rafiqqızı