Keçmiş məmuru güllələdən qadın: “Məni zorlamışdı” - Foto - Video
Aprel ayının 11-də paytaxtın Binəqədi rayonunun Cavadxan küçəsində şəxsiyyəti məlum olmayan 2 nəfərin həmin ərazidə kirayədə yaşayan Bərdə rayon sakini, vaxtilə Bərdə Rayon İcra Hakimiyyətində çalışmış Hüseyn Qasımova avtomat silahdan bir neçə dəfə atəş açması barədə xəbər vermişdik. Daban nahiyyəsindən güllə yarası alan Hüseyn Qasımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evinə buraxılıb.
Musavat.comxəbər verir ki, hadisənin baş verdiyini gün Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşları hadisə yerindən 10 ədəd 7,62 çaplı giliz götürüb. Bölmə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakinləri Ramil Hüseynli və Günel Süleymanova saxlanılıb. İstintaq zamanı məlum olub ki, Ramil cinayəti Günel Süleymanovanın sifarişi ilə həyata keçirib. Belə ki, 33 yaşlı Günel Süleymanova zərərçəkən Hüseyn Qasımovdan qisas almaq məqsədi ilə ona qarşı silahlı insident yaradıb.
Günel Süleymanova istintaqa ifadəsində bildirib ki, sabiq məmur onu zorlayıb: "Məqsədim onu qorxutmaq idi. Mən deməmişdim ki, avtomatdan istifadə edilsin. Dedim ki, qorxudun".
Daha sonra Günel Sahib adlı tanışına hadisə ilə bağlı məlumat verərək, ondan kömək istəyib: "Dedim ki, qisas almaq istəyirəm. O da cavab verdi ki, bir dostum var, ona deyərəm".
Adam oğurluğuna görə 12 il həbsdə yatan 33 yaşlı Ramil Hüseynli hadisə zamanı istifadə etdiyi AKM markalı silahı vaxtilə Qazaxıstandan 28 min rubla aldığını deyir. O, bu hadisəni törətmək üçün Günel Süleymanovadan 40 min manat alacaqmış.
Ramilin Rəsulzadə qəsəbəsidə kirayədə yaşadığı evdən 1 ədəd AKM markalı silah, 22 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
Faktla bağlı hər iki şəxs barəsində Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb. Hazırda cinayət işinin istintaqı Bakı Prokurorluğunda davam etdirilir.
Mediainfo.az
































































































