“4-cü gülləni yerdə çabalayan oğlumun ürəyinə vurub”

“4-cü gülləni yerdə çabalayan oğlumun ürəyinə vurub”

5 Aprel 2016 10:34
Bəyəndim (0) Bəyənmədim (0)

Kolanıdakı qətlin məhkəmə araşdırması başlanıb

Aprelin 5-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nizami Quliyevin sədrliyi ilə 8 avqust 2015-ci ildə Hacıqabul rayonu, Kolanı kəndində baş vermiş qanlı olayın araşdırması davam etdiriləcək. Bu haqda "Yeni Müsavat"a qanlı olay zamanı həyatını itirmiş 1971-ci il təvəllüdlü Habil Nəcəf oğlu Ədilovun anası Sübü Ədilova məlumat verib.

Onun sözlərinə görə, ötən məhkəmə prosesində oğlunu qətlə yetirən 82 yaşlı Sərhəd Şirəliyev ifadə verib. Deyib ki, qətlə bir neçə gün əvvəldən hazırlaşıb: "Sərhəd dedi ki, səhər oğlumun küçəyə çıxmasını gözləyib. Oğlum küçəyə çıxandan sonra arxadan tüfənglə ona atəş açıb. Habil yerə yıxılıb. 2-ci güllə isə açılmayıb. 3-cü gülləni oğlumun əlinə vurub. Dedi ki, əli təsadüfən tətiyə dəyib, ona görə oğlumun ürəyindən nişan ala bilməyib. 4-cü gülləni isə yerdə çabalayan oğlumun ürəyinə vurub. Hakim ona sual verdi ki, qonşunu niyə vururdun? O da cavab verdi ki, oğlumdan şübhələnirmiş. Sərhəd dedi ki, oğlu Rusiyadadır, gəlini isə uşaqları ilə onunla birgə yaşayır. Ötən ilin mayında axşam evdə yatanda evə arxa hissədən daş atıldığını hiss edib. Çıxıb baxıb, amma heç kimi görməyib. Növbəti gün yenə də evinə daş atıldığını hiss edib. Çıxıb baxıb, gedib hamam tərəfə, görüb ki, oradan gülmək səsi gəlir. Belə dedi ki, elə bilib ki, orada oğlumla gəlini olub. Hakim soruşdu ki, sən orada kimisə görmüsən? Cavab verdi ki, orada heç kimi görməyib. Sadəcə, səs eşidib. Ona görə də belə qərara gəlib ki, orada oğlum olub. Əslində isə həmin gün orada onun nəvəsi ilə kənddə yaşayan sakinlərdən biri görüşüb".

S.Ədilovanın sözlərinə görə, hakim iş üzrə şahid qismində S.Şirəliyevin gəlini Fəridə Şirəliyeva, nəvəsi Səbinə Şirəliyeva, oğulları Canangir, Cavanşir Şirəliyevlər, qardaşı Məbud Şirəliyev və kənd sakini Sahil adlı şəxsi məhkəməyə dəvət edib.

"Mənim oğlum usta idi. Onların evinin üstünü qonşuluq münasibətlərimizə görə çox ucuz qiymətə təmir etmişdi. Onun nəvələri harasa gedəndə bizim uşaqlar onların qeyrətini çəkirdilər. Yəni mənim oğlum onlara pis gözlə baxmayıb. Bunu bütün kənd bilir. Sərhəd Şirəliyev mənim oğlumu heç bir əsas olmadan öldürdü, 2 övladını atasız qoydu. Sərhəd Şirəliyev bu cinayəti yaxınlarının dəstəyi ilə qabaqcadan planlaşdırıb, silah və sursat əldə edib. Cinayət baş verən gündən əvvəl 3 gün ərzində oğlu Cavanşirin evində yaşayıb, 8 avqust 2015-ci ildə, səhər 5-də isə silah-sursatını götürərək öz evinə gəlib. Oğlum Habil Ədilov mal-qarasını örüşə ötürmək üçün tövlənin qapısından çıxarkən onu qətlə yetirib" - deyə S.Ədilova bildirib.

S.Ədilova deyir ki, S.Şirəliyev qətldən əvvəl yaxınları ilə məsləhətləşib: "Müstəntiq istintaq materiallarında yazıb ki, oğlumu öldürəndən sonra Sərhəd Şirəliyev Bakıda yaşayan qardaşına zəng edərək "öldürdüm" deyib. Sonra isə nəvəsinə zəng edərək "babanla fəxr edə bilərsən" deyib. Bundan başqa, qətldən əvvəl Sərhəd Şirəliyev oğlanları - Cavanşir və Cahangir Şirəliyevlərlə birlikdə olub, kiçik oğlu Cahangir Şirəliyev isə hadisədən bir neçə gün əvvəl atasına məxsus, lakin qayınatasında olan ov tüfəngini gətirərək atasına verib, hətta ona 20 ədəd patron alıb. Cahangir özü də qətldən 3 gün əvvəl Rusiyanın Yekaterinburq şəhərinə gedib. Sərhəd Şirəliyevi kənddə hamı çox yaxşı tanıyır. O, oğlumu gözü götürmürdü. Habil 2002-ci ildə hasar tikəndə Məbud və Sərhəd Şirəliyevlər başına oyun açdılar. İşə polis qarışandan sonra susdular. Bu adam oğlumu öldürüb, məhkəmədə ağzını açıb 1 kəlmə demir ki, səhv etmişəm, peşmanam. Ona ən sərt cəza istəyirəm".

Qeyd edək ki, S.Şirəliyev CM-in 120-ci -qəsdən adam öldürmə maddəsi ilə ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb. (musavat)

Mediainfo.az