Qadını döyə-döyə öldürüblər
Sumqayıt şəhərində mart ayının 6-da saat 07 radələrində müəyyən edilməmiş avtomobillə vurularaq öldürüldüyü açıqlanan Sumqayıt şəhər sakini Gülnaz Dadaşovanın istintaqında fərqli məqamlar ortaya çıxıb.
Sumqayıt Şəhər Prokurorluğundan anspress-ə verilən məlumata görə, yolu keçərkən naməlum avtomobil tərəfindən vurulduğu və qəza nəticəsində də hadisə yerində öldüyü düşünülən qadının döyülərək öldürüldüyü üzə çıxıb: "Əvvəl hadisə ilə bağlı cinayət məcəlləsinin 264-cü maddəsi (Yol nəqliyyat hadisəsi yerindən qaçma) ilə cinayət işi açılmışdı. Daha sonra Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları tərəfindən 1968-ci il təvəllüdlü G.Dadaşovanın münaqişə zəminində həmyerlisi Elman Əhmədov tərəfindən döyülərək qətlə yetirilməsi müəyyən edildi və həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Əhmədov tutuldu. İşin yol qəzası faktı olmaması ilə əlaqədar bu gün polisdən prokurorluğa təhvil verildi. Hələlik onun hansı səbəbdən belə bir addım atdığını müəyyən etməyə çalışırıq".
Bir neçə gün əvvəl Daxili İşlər Nazirliyi Gülnaz Dadaşovanın yol qəzası nəticəsində öldüyü barədə məlumat yayıb.
Mediainfo.az