Jurnalistin ölümündə təqsirləndirilənlər məhkəmədə son söz üçün vaxt istədilər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ann.Tv-nin əməkdaşı jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Cəbrayıl rayon sakini, 1994-cü il təvəllüdlü Elşən İsmayılov, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Samir Mustafayev, Şabran rayon sakini 1995-ci il təvəllüdlü Camal Məmmədov, Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Kənan Mədətov və Şərur rayon sakini 1996-cı il təvəllüdlü Arif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri replika hüququndan istifadə edərək çıxış ediblər. Onlar çıxışlarında Rasim Əliyevin ölümünün birbaşa həkim səhlənkarlığı nəticəsində baş verdiyini iddia ediblər.
Məhkəmə təqsirləndirilən şəxslərə son söz verib. Onlar çıxış üçün vaxt istəyiblər.
Məhkəmə prosesi martın 17-də davam edəcək.
Xatırladaq ki, prokuror çıxışında Elşən İsmayılov və Arif Babayevə 14 il, Camal Məmmədova 12 il, Kənan Mədətov və Samir Mustafayevə 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası tələb edib.
Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.
Aqil M.